Yeni dünya düzəni
Siyasət

Yeni dünya düzəni

Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələr ölkəmizə uğurlu perspektiv imkanlar yaradır

Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti keçirildi. Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsinə birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Həm ərazisi, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrinin üzv olduğu bu nüfuzlu təşkilatın zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edirdi. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani ifadəsi idi.

Dünya sürətlə dəyişir. Hazırda geosiyasi şəraitdə sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın dəstəklənməsində, ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə daha böyük vəzifələr düşür. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) son illərdə atdığı addımlarla beynəlxalq arenada nüfuzu artmaqdadır. Mötəbər qurum həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində də daha mühüm rol oynamağa başlayıb. ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən biri də təşkilatın bütün coğrafiyasında regional təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün terrorizm, separatizm və ekstremizmin səbəbləri, mənbələri və təzahürlərinin aradan qaldırılması qurumun fəaliyyətində prioritet kimi müəyyən edilib. Məhz ŞƏT çərçivəsində "Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında" 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyası qəbul edilib. Üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da hər zaman təşkilatın əsas vəzifəsi kimi gündəmdədir ki, bu da öz növbəsində ŞƏT sərhədləri daxilində davamlı sosial-iqtisadi inkişafın təmin olunmasında böyük önəm kəsb edir. İqtisadi güc mərkəzinə çevrilmək baxımından da ŞƏT əməli addımlar atır və bu xüsusda böyük potensiala malikdir.

Prezident İlham Əliyev Sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə səmərəli görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub. Ölkə başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasəti balanslı, praqmatik və çoxvektorludur. ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirməkdə maraqlıdır. Hələ 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşməsi, malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır. "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə çıxışı zamanı bildirib.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikildiyini və ya əsaslı təmir olunduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Ölkəmiz 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Ölkəmizlə əməkdaşlıq ŞƏT-in özü üçün də olduqca cəlbedicidir. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Minin 23 may 2022-ci ildə Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilirdi: "ŞƏT-in fəaliyyətinə göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, təşkilatın gündəliyində duran məsələlərə maraq göstərmək və ŞƏT ilə dialoqda tərəfdaş qismində fəal iştirak etmək dövlətin statusunun yüksəlməsinə, həmçinin ŞƏT çərçivəsində bundan sonrakı səmərəli əməkdaşlığa zəruri şərait yaradacaq". ŞƏT-in Azərbaycanla əməkdaşlığı Prezident İlham Əliyevin yürütdüyü çoxqütblü xarici siyasətinin daha bir nailiyyətidir.

Qeyd edək ki, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunan təşkilatın Səmərqənd Sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı 9 olub. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İrandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı dialoq tərəfdaşlarıdır. ŞƏT-in iki daimi orqanı - Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı baş katibi Çin nümayəndəsi Can Mindir. ŞƏT ölkələri 34 milyon kilometrlik ərazini və 3 milyarddan çox insanı əhatə edir. ŞƏT ölkələrinin yerləşdiyi məkan beş okeandan üçünün (Hind, Sakit və Şimal-Buzlu) suları ilə əhatə olunur. Təşkilata üzv ölkələrin toplam ÜDM-i dünya ümumdaxili məhsulunun 25%-ni təşkil edir. ŞƏT-dəki vəziyyət həm də dünyanın siyasi arenasındakı özünəməxsus nizamın göstəricisidir. Belə ki, bütün beynəlxalq təşkilatlar təzadlar və toqquşan maraqlardan xali deyil. Bu baxımdan, ŞƏT-in nüfuzunun təsir imkanlarının artması müsbət dəyərləndirilə bilər. Azərbaycanın ŞƏT Sammitində iştirakı Prezident İlham Əliyevin dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuzunun göstəricisi olmaqla, onun xarici siyasətdə qazandığı uğuru əks etdirir.

Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzv olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. Beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın bu sahədə qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir. Azərbaycan da bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bu məqsəd və məramların beynəlxalq səviyyədə təşviqinə töhfə verən dövlətdir. Beləliklə, ikitərəfli və çoxtərəfli əsasda ŞƏT və üzv ölkələrlə əməkdaşlıq Azərbaycana uğurlu perspektivlər vəd edir.

Mustafa KAMAL,

"Respublika".