Yeni dərs ili qarşısında: Məktəbin uğurları
Region

Yeni dərs ili qarşısında: Məktəbin uğurları

Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-lisey rayonun öncül təhsil müəssisələrindən biridir. Koronavirus pandemiyasının yaratdığı məlum çətinliklərə baxmayaraq, məktəb uğurlarını ildən-ilə artırır. Təhsil ocağı 2020-2021-ci tədris ilini də müvəffəqiyyətlə başa vurmuşdur. Bu barədə məlumat verən məktəbin direktor əvəzi Sədaqət Cəmiyeva deyir: ötən dərs ilində məktəbimizdə 1663 şagird təhsil almışdır. Məktəbi bitirən 111 nəfər məzundan  82 nəfəri ali məktəbə sənəd vermişdir. Onlardan 10 nəfəri 500-700 arası, 43 nəfəri isə 200-400 arası bal toplamışdır. Fəxrlə deyə bilərəm ki, bu il rayon üzrə ən yüksək bal toplayan da bizim məktəbin şagirdidir. Məktəbimizin fəxri Nurkişiyev Aydın Aqil oğlu 669,4 bal toplayaraq ən  yüksək göstəriciyə nail olmuşdur. Məzunlardan Dəmirova Dinara Altay qızı 652,8 bal, Əliyeva Səidə Namik qızı 618 bal toplamışdır.

Məktəbin şagirdləri ötən dərs ilində Respublika Fənn Olimpiadasında da  müvəffəqiyyətlə çıxış ediblər. Olimpiadanın iştirakçılarından 10-cu sinif şagirdi Bəkirov Fərhad Əzizağa oğlu coğrafiya fənni üzrə qızıl medala, 7-ci sinif şagirdi Dadaşov İlqar Oktay oğlu biologiya fənni üzrə 3-cü yerə layiq görülmüşlər.

Şagirdlərimizin sorağı həmçinin beynəlxalq müsabiqələrdən gəlir. Qazaxıstanın Çimkənt şəhərində “Dünyanın xoşbəxt uşaqları” və  “Yer kürəsinin ətraf mühiti” mövzusunda online şəkildə keçirilən beynəlxalq rəsm müsabiqəsində məktəbimizin 8-ci sinif şagirdi Babayeva Nigar Qabil qızı birinci yeri tutaraq,  diplom və təşəkkürnamə ilə təltif olunmuşdur. 

Məktəbimizin şagirdləri respublika və rayonda keçirilən intellektual tədbirlərin də önündə gedirlər. Ulu öndər Heydər Əliyevin 98-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində fəal iştirakına görə  məktəbimizin 9-cu sinif şagirdi Nuriyeva Züleyxa Kamran qızı tərifnamə ilə təltif olunmuşdur. Gənclər İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin 28 May Respublika Gününə həsr olunmuş II Xaçmaz intellektual turnirində məktəb-liseyimizin “Güvən” komandası birinci yeri tutmuşdur.

Vurğulamaq istəyirəm ki, qazanılan bu uğurlar pedaqoji kollektivin, xüsusilə fənn müəllimlərinin birgə və gərgin əməyinin nəticəsidir. Yeni dərs ilində şagirdlərlə daha səmərəli işləmək, tədrisin keyfiyyətini artırmaq, yeni nailiyyətlər qazanmaq üçün qüvvə və bacarığımızı sərf edəcəyik.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.