Yeni Azərbaycan Partiyası İCAPP-ın tədbirində təmsil olunub
Digər xəbərlər

Yeni Azərbaycan Partiyası İCAPP-ın tədbirində təmsil olunub

Dekabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) iqlim dəyişikliyinə dair "Xalis sıfra nail olmaq yönündə siyasi partiyaların rolu" mövzusunda keçirilən xüsusi videokonfransında iştirak edib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İCAPP-ın təsisçisi və həmsədri Xose de Venesianın açılış nitqindən sonra BMT-nin 8-ci Baş katibi, Qlobal Yaşıl İnkişaf İnstitutunun sədri Pan Gi Mun çıxış edib.

Tədbir "Xalis sıfra" çatmaq üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın dəstəklənməsi" və "Xalis sıfra" çatmaq üçün siyasi partiyaların regional və qlobal fəaliyyətlərinin gücləndirilməsi" adlı sessiyalarla davam edib. Birinci sessiyada çıxış edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi S.Qurbanov iqlim dəyişikliyi ilə mübarizədə yaşıl texnologiyalardan, alternativ enerji mənbələrindən istifadənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, davamlı inkişaf və iqlim dəyişiklikləri məqsədlərinin həyata keçirilməsinə özəl sektorun cəlb edilməsi Azərbaycan Respublikası hökumətinin daim diqqət mərkəzindədir. Son onilliklərdə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılan fəaliyyətlərdən biri də meşəbərpa və meşəsalmadır. Həmçinin YAP-ın təşəbbüsü ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində minlərlə hektar yaşıllıq örtüyü yaradılıb.

Tədbirin sonunda iqlim dəyişikliyi ilə mübarizədə siyasi partiyaları fəal olmağa çağıran Bəyanat qəbul edilib.

AZƏRTAC