Yengicə Su Anbarı tikiləcək
Region

Yengicə Su Anbarı tikiləcək

Dünyadakı  iqlim   dəyişikliyi, quraqlıq və şirin su çatışmazlığı Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Suvarma  mövsümü  zamanı əkin sahələrini normal su  ilə təmin etmək  problemə  çevrilir. Vəziyyətdən   çıxış yolu əlavə su anbarları, dəryaçalar  tikməkdir  ki, qışda, erkən yazda  oraya   su   toplamaq  mümkün   olsun. Ehtiyat  su   mənbələri  qar, yağış, selsuları hesabına doldurulur və bütün yay  mövsümü əkin sahələrinin  suvarılması məqsədilə istifadə olunur.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti noyabrın 24-nə olan məlumatda bildirir ki, Yengicə Su Anbarının tikintisinə həsr olunan imzalanma mərasimində ASC sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov, sədrin müşaviri Əsəd Şirinov və cəmiyyətin digər nümayəndələri  iştirak  ediblər.

Bu münasibətlə keçirilən tədbirdə çıxış  edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Yengicə Su Anbarının tikintisinin əhəmiyyətindən danışıb, yeni su  anbarının Qəbələ rayonunda kənd təsərrüfatının, turizmin, ümumiyyətlə, rayon iqtisadiyyatının  inkişafına böyük təkan verəcəyini bildirib.

Müzəffər Ali Baş   Komandan İlham Əliyevin    rəhbərliyi   ilə   İkinci  Qarabağ   müharibəsində   qazanılan     şanlı   Qələbədən  də danışan Z.Mikayılov Azərbaycan  dövlətinin azad olunan  ərazilərdə  böyük quruculuq, tikinti-bərpa   işləri apardığını diqqətə çatdırıb     və bu işlərdə Türkiyə    şirkətlərinin mühüm rol   oynadığını    vurğulayıb.

“SURYAPI AZ” MMC-nin    direktoru Cem Hakan  Elmas   çıxış edərək, Vətən   müharibəsində qazanılan   Qələbə    münasibətilə bir daha     təbriklərini çatdırıb və bu gün   Qarabağda, Şərqi Zəngəzurda        aparılan genişmiqyaslı quruculuq işlərinin onda yüksək təəssürat doğurduğunu deyib.

Cem Hakan  Elmas YengicəSu Anbarının tikintisinin uğurla həyata keçiriləcəyinə və əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini  bildirib. Sonra Yengicə Su   Anbarının tikintisi ilə bağlı   müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan  Respublikası Prezidentinin “Su   ehtiyatlarından səmərəli   istifadənin təmin edilməsiilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli   Sərəncamı ilə təsdiq edilmiş  Tədbirlər Planına Əlavə 2-də Yengicə Su Anbarının  tikintisi   də nəzərdə tutulub.

Yengicə Su Anbarının tikinti   işləri ilə bağlı “Dövlət   satınalmaları haqqında" Azərbaycan Respublikası    Qanununa uyğun tender keçirilib   və tenderin nəticəsi olaraq qalib   şirkət “SURYAPI AZ” MMC və “Sur Yapı Endüstri Sanayi ve   Ticaret Anonim” şirkətinin    ölkəmizdəki nümayəndəliyinin    birgə müəssisəsi müəyyən olunub.

Yengicə Su Anbarının tikintisi   işləri 2022-2024-cü illərdə   həyata keçiriləcək. Anbarın   tikintisinə başlanılması üçün  Səhmdar Cəmiyyəti ilə “SURYAPI AZ” MMC və “Sur Yapı Endüstri  Sanayi və Ticaret Anonim” şirkətinin  ölkəmizdəki  nümayəndəliyi arasında podrat müqaviləsi  bağlanılıb.

Yeni su anbarının ümumi sututumu 17,5 milyon kubmetr, istifadə  olunacaq  həcmi isə 12,4 milyon  kubmetr  nəzərdə tutulub. Su anbarı tikildikdən sonra  Qəbələnin  aran hissəsində 10 min hektar əkin sahəsinin  su təminatı yaxşılaşacaq. Bu isə həmin  torpaqlarda məhsuldarlığı   artırmaqla  yanaşı, həm  də ildə 2-3 dəfə əkin aparmağa imkan  verəcək.

 Nəriman  CAVADOV,

“Respublika”.