Yenə də Cıdır düzündə muğam, Vaqifin məqbərəsi önündə şeir, məscidlərdə azan səslənir
Sosial həyat

Yenə də Cıdır düzündə muğam, Vaqifin məqbərəsi önündə şeir, məscidlərdə azan səslənir

Bakıdan 373 kilometr uzaqda yerləşən Şuşa hər bir azərbaycanlının qəlbində, ürəyindədir. 28 illik işğal zülmünü, dəhşətini yaşadıqdan sonra Şuşa nəhayət, azadlığına, xoş, çal-çağırlı günlərinə qovuşdu. İndi şəhər təmir-bərpa işləri ilə yanaşı, həm də mədəni tədbirlərin keçirildiyi meydana, müqəddəs ocağa çevrilib.

Bu qədim torpağımız Azərbaycan ordusunun, onun Ali Baş Komandanının sayəsində ikinci həyatını, dirçəlişini, yenidən həyata qayıdışını yaşayır. İşğaldan azad olunmasından az müddət sonra Şuşaya səfər edən ölkə başçısı İlham Əliyev şəhərin bərpası ilə bağlı genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün mühüm qərarlar verdi. Tarixi-mədəni abidələrin təmiri və bərpası ön plana çəkildi. Şuşa möcüzəvi, səfalı, zəngin təbiəti ilə bərabər, öz ənənələri ilə də tanınmışdır. Belə ənənələrdən biri də 40 il əvvəl keçirilən Vaqif Poeziya Günləridir... Hələ Azərbaycana rəhbərliyinin ilk illərində ümummilli lider Heydər Əliyev Şuşaya səfər edərkən Molla Pənah Vaqifin məzarını ziyarət etmək istəyib. Lakin məzarı tapa bilməyiblər. Axtarışlardan sonra çətinliklə tapılan dağılmış, bərbad günə qalmış məzarı ziyarət edən Heydər Əliyev qarşılaşdığı mənzərənin böyük şairə layiq olmadığını söyləyib və Vaqifin məzarı üstündə abidə və türbənin tikilməsi üçün tapşırıq verib.

Beləcə, Molla Pənah Vaqifin məzarı məhz Heydər Əliyevin hakimiyyətdə olduğu 1980-1981-ci illərdə abadlaşdırılmış, məzarın üstündə möhtəşəm məqbərə tikilmişdi. Ulu öndər Azərbaycanın mədəniyyət paytaxtında Vaqif Poeziya Günlərinin keçirilməsinə də qərar vermişdir. Bu isə Heydər Əliyevin Azərbaycanın cənnət guşəsi olan Qarabağa, özünün də dediyi kimi, Azərbaycanın gözü olan Şuşaya sevgisinin təzahürü idi. 1982-ci il yanvar ayının 14-də Şuşada bayram abu-havası vardı. Heydər Əliyevlə birlikdə bir çox ictimai xadimlər, şair-yazıçılar Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışına toplaşmışdılar. Öz möhtəşəmliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilə kimi hər il şairin vətəni Qazaxdan başlayıb Şuşada, əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

 28 illik işğal dövrü yaşayan Şuşanın azadlığını əldə edən ölkə başçısı İlham Əliyev ata vəsiyyətinə sadiq qalaraq Şuşanı yenidən ənənələr şəhərinə çevirdi. İndi Şuşada həyat coşub-qaynayır. Şəhərin keçmiş çal-çağırlı, toy-bayramlı günləri özünə qayıdır. 2021-ci il avqust ayının 30-da 28 illik işğal dövründən sonra ilk dəfə Şuşada Vaqif Poeziya Günləri keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etmişlər. Bu il isə ənənəvi Vaqif Poeziya Günləri iyul ayının 14-də təşkil olunmuş, tədbir çərçivəsində Cıdır düzündə konsert-tamaşa təqdim olunmuşdur. "Əsrlərin sədası" adlı konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Molla Vəli Vidadi və digər ədiblərin obrazları canlandırılmışdır.

Şuşanın ənənəvi tədbirlərindən biri də "Xarıbülbül" Musiqi Festivalıdır. İlk dəfə 1989-cu ildə Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunmuş və ilk festivalın tamaşaçıları yalnız Şuşa sakinləri olmuşdur. Bundan sonra isə ənənəvi olaraq keçirilən festival hər il may ayında keçmiş SSRİ-nin respublikaları və bir çox xarici dövlətlərin iştirakı ilə Cıdır düzündə baş tutmuşdur. Belə ki, 1990-cı ildən "Xarıbülbül" festivalı beynəlxalq status almış və festivala Türkiyə, Almaniya, İsrail, və Hollandiya kimi xarici ölkələrin folklor qrupları dəvət olunmuşdur. Sonuncu festival 1992-ci ildə Ağdam ərazisində təşkil olunmuşdur. Uzun illərin erməni işğalından azad edilmiş Şuşa şəhərində yenidən "Xarıbülbül" festivalı keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan edilmişdir. Bu sərəncamla Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalı öz ənənəsini davam etdirir. Belə ki, 2021-ci il mayın 12-13-də Şuşada işğaldan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdir. Şuşanın Cıdır düzündə keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olunmuşdur. Bu il may ayının 12-14-də isə Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı baş tutmuşdur. Festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər. Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub. Festivalda həmçinin ölkəmizdə yaşayan milli azlıqlar və müxtəlif regionların nümayəndələri də iştirak ediblər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən "Şuşa ili"ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu tərəfindən təşkil edilmişdir.

Bəli, bugünkü Şuşanın mənzərəsi belədir: gözoxşayan, könül sevindirən. 2019-cu il may ayının 9-da Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşada, şəhərin işğal olunmasının 27-ci ildönümünü qeyd etmək üçün keçirilən məclisdə yallı getməsi bütöv Azərbaycan dövlətinin, millətinin qəzəbinə və hiddətinə səbəb olmuşdu. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada həyata keçirilən möhtəşəm layihələr şəhərin inkişafından və Azərbaycan xalqının gələcək rifahından xəbər verir.

Bu gün azad Şuşada Azərbaycan muğamı ilə bərabər, azan səsi ucalır. Fikrimiz, amalımız kimi, əməlimiz də gözəlləşir.

Ramidə YAQUBQIZI,

"Respublika".