Yemiş sahələrinin güzəştli sığortası başlandı
İQTİSADİYYAT

Yemiş sahələrinin güzəştli sığortası başlandı

Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq yemiş sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində olduğu kimi, yemiş təsərrüfatları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.

Aqrar sığorta yemiş əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-subasma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Təsərrüfat sahibləri yemiş sahələrini baza sığorta zərfi ilə yanaşı, bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də dolu riski nəticəsində yaranan miqdar və keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.

Belə ki, ölkəmizdə yemiş istehsalının 24,1 faizi Saatlı, 19,1 faizi Kürdəmir, 17,1 faizi Sabirabad, 9,5 faizi Naxçıvan Muxtar Respublikası, 5,3 faizi Salyan, 3,8 faizi Masallı, 2,5 faizi Hacıqabul, 1,8 faizi Ağsu, 1,5 faizi Zərdab, 1,4 faizi Astara rayonunun payına düşür.

Yemişin əsas istehsalçı rayonları olan Saatlı (hektardan 285,9 sentner), Zərdab (281,0 sent/ha), Sabirabad (251.5 sent/ha) və Kürdəmir (184.2 sent/ha) rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksəkdir.

Ölkəmizdə bu bostan bitkisinin yetişdirilməsi üçün biznes baxımından böyük imkanlar və daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, həmçinin böyük ixrac potensialı da mövcuddur.

2021-ci ildə Azərbaycandan yemiş ixracı əvvəlki ilə nəzərən 2,6 dəfə artaraq 740,2 ton olub. Ölkədən ixrac olunan yemişin 54,4 faizi Rusiyaya, 7,7 faizi Ukraynaya, 37,9 faizi isə digər ölkələrə ixrac olunub.

Nəriman CAVADOV,

"Respublika".