Yel çərşənbəsi
Sosial həyat

Yel çərşənbəsi

Bu gün Yel çərşənbəsi, yəni çərşənbələrin üçüncüsüdür. Xalq arasında "külək oyadan çərşənbə", "yelli çərşənbə", "küləkli çərşənbə" və s. adlarla tanınan Yel çərşənbəsinin özünəməxsus adətləri var. Professor Azad Nəbiyev yazır: "Əski etiqadlara görə, bu çərşənbədə oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin özünün təmizlənməsi kimi qəbul edilir.

Əski etiqadlara görə, torpaq altda - "qara nəhrdə" yatmış dörd cür külək yer üzərinə çıxaraq əvvəlcə təmizlənir, sonra isə müxtəlif libaslarda özünü göstərir. Libasların adı ilə onların özünün xarakteri arasında da bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik deyimi xüsusi məna daşıyır. Belə ki, türk mifologiyasında Ağ yel - ağ libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar - qırmızı libasda təsəvvür edilir".

Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan "Yel baba" mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.

Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar:

A Yel baba, Yel baba,

Tez gəl, baba, gəl, baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

 

Dən dağılıb dağ olsun,

Yel babamız sağ olsun.

A Yel baba, Yel baba,

Qurban sənə, gəl baba.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev Yel çərşənbəsi haqqında qeyd edir ki, Azərbaycan mifoloji mətnlərində Yelin xeyirxah obrazına nümunələr çoxdur. Bu mətnlərə görə, dünyada küləyin ixtiyarı Yel babanın əlindədir. Xırman sovuranda camaat Yel babanı köməyə çağırıb deyər: Yel baba, gəl, atına saman apar. Yel baba da gəlib xırmanı sovurar. Dən qalar adamlara, samanı da Yel baba aparar öz atına.

Bu mətnlərlə səsləşən bir tapmaca da var:

Ələk olar, vələk olar,

Xırmanlarda gərək olar.

Cavabı külək olan bu tapmacada Yel babanın gəlib xırmanı sovurub insanlara kömək etməsi inamının izləri müşahidə olunur. Küləyin (havanın) antropomorflaşmış obrazı olan Yel babanın burada insanlara himayədarlığı - taxılını sovurub dəni adamlara verməsi ilə maddi yardımçı olması göstərilir. Dən - taxıl insanlara acından ölməmək üçün qida, ruzi ilə təmin etmək gücü verir. Bu gücü isə yel, külək (hava) - Yel baba bəxş edir. Bu da acından ölməkdə olan və xilası, yeni həyat tapması üçün haraya çağırılan hava ünsürünün (Yel babanın) yaradıcı gücünü - yaradıcılıq stixiyasını ifadə edir. Su, od və torpaqla yanaşı, dördüncü yaradıcı element kimi havanın (yelin, küləyin) varlığını özündə inikas edir. Bu, həm də qış azuqəsinin tükəndiyi bir məqama təsadüf etməklə həyat, yaşayış üçün zəruri olan ərzaq amilinin təmin olunmasında Yel babanın (yelin, havanın) mühüm rol oynayacağına inamı əks etdirir.

Bir məqamı da burada diqqətə çatdırmaq istərdim. Sual doğa bilər ki, axı taxıl biçini tam başqa vaxta - başqa bir mövsümə (fəslə) təsadüf edir. Aydınlıq gətirib deyirəm ki, bu mövsüm mərasimi birincisi, bizim xalqımızın dünyagörüşünün ifadəsidir. İkincisi, burada xalqımızın Yel baba (yel, külək və onun yaradıcı ünsürünün ifadəçisi olan hava) ilə bağlı mifik düşüncələrini ortaya qoyur və nəticədə Yel çərşənbəsindəki yel-hava ünsürünə olan xalq münasibətini üzə çıxarır. Başqa sözlə, Yel çərşənbəsinin rəmzini əks etdirən hava stixiyasının xalq təfəkküründəki yerinə, mövqeyinə aydınlıq gətirir. Xalqımızın havaya yaradıcı ünsür kimi mifik baxışlarına işıq salır. Nəhayət, üçüncüsü, ilaxır çərşənbədə, eləcə də Novruzun özündə Yel baba ilə bağlı söylənən nəğmələr, icra edilən ayinlər təqlidi xarakterdə olub, təqlidi mərasim aktını əks etdirir. Yəni Novruzqabağı çərşənbələrdə həyata keçirilən ayin-mərasimlər ümumilikdə təqlidçi xarakterdə olub, xalqın həyata baxışını işarələyir, bu təqlidi mərasimlərlə təbiət qüvvələrinə təsir edəcəkləri inamını əks etdirir.

Xalqımızın yelə inancını əks etdirən bir sıra folklor örnəkləri mövcuddur. Hətta soydaşlarımızın yaşadığı Gürcüstandakı Bolnisi rayonunun Kəpənəkçi kəndi yaxınlığında Yel dağı adlı ziyarətgah da var. Müqəddəs sayılan Yel dağına ürəklərində arzu, dilək tutub nəzir-niyaz edir, qurban gətirib kəsirlər. Yaxın ərazidə yaşayan qonşu xalqların əhalisindən də bura gələnlər olur. İnanırlar ki, Yel dağı (insaniləşmiş Yel baba obrazı) kimin nəzirini, qurbanını qəbul edərsə, həmin şəxs arzusuna çatacaq. Yel dağına nəzir gətirilməsi, qurban deyilməsi, and içilməsi bir daha təsdiq edir ki, xalqımızın yelin, küləyin (havanın) yaradıcı gücünə, ilahi bəxşedicilik missiyasına inamı mifik çağlardan qaynaqlanır.

İlaxır çərşənbələrinin hamısında olduğu kimi, Yel çərşənbəsində də adət-ənənə kimi qapı-bacaların açıq olması həm özümüzün özümüzlə, həm də özümüzün - dirilər dünyasının ruhlar dünyasına təmas xəttinə girmə imkanını simvolizə edir. Ruhların qapı-bacada gəzib-dolaşması və xeyir-dualarının üstümüzdə olması kimi düşüncəsini özündə ehtiva edir.

Beləliklə, Yel çərşənbəsinin əsas ünsürü olan Yel - hava, nəfəs bizi mənəvi cəhətdən sağlam ab-havaya köklənməyə, saf ruha yiyələnməyə çağırışdır. Çünki Yel özü ruhun ifadəsidir. Təmiz ruh daşıyıcısı olub özümüzü ruhən təmizləməyimizin bayramıdır Yel çərşənbəsi.

Yel çərşənbəsi ruhumuzun, nəfəsimizin, ab-havamızın yenilənməsi, təmizlənməsi, arınıb durulması bayramıdır. Yel çərşənbəniz mübarək!

"Respublika".