Sosial həyat

"YAŞAT" Xeyriyyə Marafonu zamanı 1 milyon 300 min manatdan çox vəsait toplanıb

Oktyabrın 20-dən dekabrın 8-dək "YAŞAT" Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən "YAŞAT" Xeyriyyə Marafonu zamanı 1 milyon 300 min manatdan çox vəsait toplanıb. Noyabrın 7-də İctimai Televiziyada (İTV), 90 FM - İctimai Radioda və Dənizkənarı Bulvar ərazisində təşkil olunan "YAŞAT" Fondunun "Zəfər" yarmarkasında canlı yayımlanıb. Canlı yayım zamanı isə SMS vasitəsilə 4 min 41 manat vəsait ianə edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xatırladaq ki, Dənizkənarı Milli Parkda oktyabrın 29-dan noyabrın 9-dək "Qarabağ qəhrəmanlarının izi ilə" mövzusunda "Zəfər" Yarmarkası keçirilib. Yarmarka müddətində toplanmış 64 min 558 manat 58 qəpik vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə "YAŞAT" Fonduna ianə edilib. Həmçinin - mayın 25-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə "YAŞAT" Marafonu keçirilib. Marafon müddətində, yəni aprelin 29-dan mayın 31-dək Fondun hesabına, ümumilikdə, 1 milyon 42 min 609 manat 29 qəpik vəsait daxil olub. Sms ianə vasitəsilə 2021-ci il 25-26 may tarixləri üzrə 5061 manat vəsait toplanılıb.

AZƏRTAC