“YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Məsud Aşina ağır yaralı qaziləri müayinə edib
Sosial həyat

“YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Məsud Aşina ağır yaralı qaziləri müayinə edib

“YAŞAT” Fondu tərəfindən Vətən müharibəsində ağır yaralanan qazilərin müalicəsi istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin məqsədlə həm ölkəmizdəki, həm də Fondun xaricdən dəvət etdiyi həkimlər tərəfindən daimi müayinə və müalicələr həyata keçirilir.

Həmin tədbirlər çərçivəsində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina və digər həkim heyəti şiddətli baş ağrılarından əziyyət çəkən yaralılarımızı müayinə edərək, hər birinə uyğun müalicə təyin edib.

Xatırladaq ki, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina baş ağrıları sahəsində dünyanın ən yaxşı alimi seçilib.

Əsas qayəsi dünyanın ən bilikli həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan “Expertscape” nəşrinin son on il ərzində dünyada baş ağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor Məsud Aşina birinci yerdə qərarlaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib.

AZƏRTAC