“YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzinə 55 mindən çox zəng daxil olub
Sosial həyat

“YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzinə 55 mindən çox zəng daxil olub

“YAŞAT” Fondunun  yashat.gov.az portalı  bu il yanvarın 8-dən istifadəyə verilib. Həmin tarixdə həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Bu günə qədər Çağrı Mərkəzinə 55 mindən çox vətəndaş zəngi daxil olub,  şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 2300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6000-dən çoxu isə yaralılarımızın müraciətləridir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılıb. Fond  yaradılmasında məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır.

AZƏRTAC