“YAŞAT” Fondu şəhidlərimizin məktəbli övladları üçün xüsusi layihə reallaşdırır
Sosial həyat

“YAŞAT” Fondu şəhidlərimizin məktəbli övladları üçün xüsusi layihə reallaşdırır

“YAŞAT” Fondu şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihəyə start verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

Hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinfə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız yapışqanı, flomaster, rəngli karandaş, plastilin və plastilin qabı, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir. Əlavə hədiyyə olaraq ibtidai siniflər üçün “Lego” oyun qutusu, 5-8-ci siniflər üçün “Puzzle”, 9-11-ci siniflər üçün şahmat dəsti daxil edilib.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq.  870 məktəblinin 494-ü oğlan, 376-sı isə qızdır.

“YAŞAT” Fondunun vəsaiti hesabına gerçəkləşən layihənin reallaşması üçün  “Bravo” marketlər şəbəkəsinin “Sevinc payı 4” layihəsi çərçivəsində  toplanan 9386 AZN layihə üçün Fondun hesabına köçürülüb. Həmçinin “Yüksəliş” müsabiqəsinin qalibləri 9100 AZN, “AQRARKREDİT” QSC BOKT 5000 AZN vəsait ianə edib.

“YAŞAT” Fondu yeni tədris ilində bütün məktəblilərə uğurlar arzulayır.

AZƏRTAC