Yaşasaydı, 33 yaşı olardı...
Sosial həyat

Yaşasaydı, 33 yaşı olardı...

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəman  Vətən övladlarından olan Paşayev Elsevər Vaqif oğlunun iyul ayının ilk günlərində  33 yaşı tamam olur.

Elsevər Paşayev 1988-ci ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. Cəbrayıl rayon 21 saylı ümumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2003-cü ildə həmin məktəbin ümumi orta təhsil pilləsini bitiribdir. 2003-2006-cı illərdə təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2010-cu ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirmişdir. Sonrakı illərdə «N» saylı hərbi hissədə taqım komandiri, bölük komandiri vəzifələrində xidmət etmişdir.

Doğmaları, tanıyanları deyirlər ki, qəlbi vətən eşqi ilə döyünən Elsevər sanki hərbçi doğulmuşdu. Çox savadlı idi. Beş xarici dil bilirdi. Xarici ölkələrdə hərbçilərə təlimlər keçmişdir. Əfqanıstanda Azərbaycandan gedən sülhməramlıların komandiri olmuşdur. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu ildə Böyük Britaniya Krallığında, Çexiyada, Almaniyada və 2019-2020-ci illərdə Əfqanıstanda təlimlərdə iştirak etmişdir.

İkinci Qarabağ savaşında 400-ə yaxın əsgərimizi mühasirədən çıxaran E.Paşayev Xudafərin körpüsünə Azərbaycan bayrağını sancmışdır. 25 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci Fəxri xiyabanda dəfn edilmişdir.

İki övladı var. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilmişdir.

Cəbrayıl rayonunun ictimaiyyəti, döyüş yoldaşları igid vətən oğlunun nurlu xatirəsini daima minnətdarlıqla yad edirlər.

 Qabil QULİYEV,

 Cəbrayıl Rayon İcra Hakimiyyətində bölmə müdiri.