Yaşar Əliyev: Ermənistanın BMT-dəki nümayəndəliyi tərəfindən  Azərbaycana qarşı irəli sürülən bütün iddiaları rədd edirik
Siyasət

Yaşar Əliyev: Ermənistanın BMT-dəki nümayəndəliyi tərəfindən  Azərbaycana qarşı irəli sürülən bütün iddiaları rədd edirik

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, daimi nümayəndə çıxışında Ermənistanın dövlət tərəfindən idarə olunan manipulyasiya, təhrif və saxtakarlıq kampaniyasına görə Təhlükəsizlik Şurasından sui-istifadə etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib. Yaşar Əliyev Ermənistanın BMT yanında daimi nümayəndəliyinin Azərbaycana qarşı irəli sürdüyü bütün iddiaları qətiyyətlə rədd edib, bunların tamamilə yalan, əsassız olduğunu bildirib.

Daimi nümayəndə deyib ki, Ermənistanın və Şuranın bəzi üzvlərinin səhvən "Dağlıq Qarabağ" adlandırdıqları Qarabağ Azərbaycanın 30 ilə yaxın müddətdə erməni işğalı altında olan beynəlxalq səviyyədə tanınmış suveren regionudur və bu, Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha təsdiq edilib. Azərbaycanın bu ərazisinin hüquqi adı hazırda Qarabağ iqtisadi rayonu və ya qısaca ekvivalenti ilə Qarabağ bölgəsidir. Laçın yolu ətrafındakı vəziyyətə gəlincə, Y.Əliyev bir daha xatırladıb ki, Azərbaycan Ermənistanın bütün iddialarını qətiyyətlə rədd edir. Laçın yolu tamamilə Azərbaycanın ərazisində, Laçın rayonunda yerləşir. Bu rayon 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 77 mindən çox sakini olan Laçın rayonunun əhalisi öz yurdlarını və evlərini tərk etmək məcburiyyətində qalıb, şəhər və ətraf kəndlər Ermənistan ordusu tərəfindən talan edilərək yandırılıb.

Diqqətə çatdırılıb ki, iki il əvvəl 44 günlük müharibədən sonra üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq, Laçın rayonu Azərbaycana qaytarılarkən dövlətimiz Laçın yolunda hərəkət edən insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verib.

"Nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlayıblar. Marşrut boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı rejim dəyişməz olaraq qalır, sülhməramlılar isə marşrutun mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ avtomobillərin maneəsiz keçidi əks olunub. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunun müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Yoldan hər hansı digər məqsədlər üçün, o cümlədən qeyri-qanuni hərbi fəaliyyətlər, məsələn, minaların basdırılması və ya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni dövriyyəsi üçün sui-istifadə üçtərəfli Bəyanatın şərtlərinin pozulmasıdır və buna yol verilə bilməz", - deyə daimi nümayəndə vurğulayıb.

Y.Əliyev əminliklə bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü, vətəndaşlarının hüquq və təhlükəsizliyini bütün mümkün vasitələrlə müdafiə etməkdə davam edəcək. Vəziyyətin iddia edilən humanitar nəticələri ilə bağlı fikirlər də əsassızdır. Bölgədə yerli əhalinin istifadəsi üçün malların tədarükü və ya əsas səhiyyə xidmətlərinin göstərilməsi baxımından heç bir maneə yoxdur. Bu, Ermənistanın açıq-aşkar pis niyyətli siyasi məqsədlər üçün manipulyasiyasının növbəti təzahüründən başqa bir şey deyil.

Diplomat əlavə edib ki, Ermənistan iki ildən artıqdır 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini pozaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələri tamamilə çıxarmaqdan imtina edir və orada qanunsuz hərbi fəaliyyətlərini davam etdirir. Ermənistan beynəlxalq hüququn və üçtərəfli Bəyanatın bəndlərini pozaraq, Laçın yolunun humanitar əhəmiyyəti barədə fərziyyələr irəli sürməklə yanaşı, həm də ondan hərbi məqsədlər, o cümlədən silahlı qüvvələrin şəxsi heyətinin rotasiyası və silahların bu bölgəyə ötürülməsi üçün fəal istifadə edir. Tərəflərin bütün hərbi əməliyyatlara son qoymağı öhdəsinə götürdüyü üçtərəfli Bəyanatın 1-ci bəndini pozan Ermənistan nəinki Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina xəritələrini bölüşməkdən imtina edir, hətta münaqişədən sonrakı dövrdə də Azərbaycan ərazisinə yeni minalar basdırmaqda davam edir. Belə ki, bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunan 2700-dən çox mina aşkar edilib.

Ötən çərşənbə günü Azərbaycanın Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 nəfər yaralanıb, 1 nəfər həlak olub. İnsidentin baş verdiyi ərazi köhnə təmas xəttindən çox uzaqda olub və Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarkən orada minalar yerləşdirilib. Üçtərəfli Bəyanatın imzalanmasından sonra ümumilikdə 276 Azərbaycan vətəndaşı minaların qurbanı olub, onlardan 46 nəfər, o cümlədən 35 mülki şəxs həlak olub. Məqsəd bəllidir - Ermənistan Azərbaycanın yenidənqurma səylərinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır.

Yaşar Əliyev deyib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında olan təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı, bölgədə ekoloji terror törədib. "Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazisində olan faydalı qazıntı yataqlarını talan edir. Ermənilərin beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycanın əvvəllər işğal olunmuş ərazisində genişmiqyaslı qanunsuz iqtisadi fəaliyyət həyata keçirmələrinə dair təkzibedilməz, yaxşı sənədləşdirilmiş sübutlar dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Bu torpaqlarda işğala qədər müəyyən edilmiş 151 faydalı qazıntı yatağından 52-si ilk dəfə 1993-2020-ci illərdə istismar edilib. Suveren dövlətin təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı, mədən və karxana əməliyyatları kifayət qədər ekoloji nəzarət olmadan, tullantı sularının təmizlənməsi və ərazinin rekultivasiyası, ekoloji texniki standartlara əməl edilmədən aparılmışdır",- deyə daimi nümayəndə diqqətə çatdırıb.

Azərbaycanın regional sülhə, sabitliyə və inkişafa sadiq olduğunu deyən Y.Əliyev bildirib. Diplomat əlavə edib ki, Ermənistan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin yaradılması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycanın bununla bağlı mövqeyi aydın, prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə əsaslanır. Məhz Azərbaycan münaqişənin başa çatmasından dərhal sonra Ermənistanla dövlətlərarası münasibətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət əsasında, o cümlədən sülh müqaviləsinin imzalanması yolu ilə normallaşdırılması prosesinə başlayıb.