Yasamalda Mikayıl Müşfiqin 115 illiyi qeyd olundu
Digər xəbərlər

Yasamalda Mikayıl Müşfiqin 115 illiyi qeyd olundu

Yasamal RİH-dən bildirilir ki, görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları Mikayıl Müşfiqin adını daşıyan Yasamal rayonu 18 saylı tam orta məkltəbdə heykəlini ziyarət edib gül dəstələri qoydular. Daha sonra ədibin İnşaatçılar prospektindəki abidəsi önünə toplaşıb ənənəyə sadiq qalaraq görkəmli şairi yad etdilər.  Çıxış edənlər qeyd etdilər ki, görkəmli şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnən Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, şair, tərcüməçi Mikayıl Müşfiqin şəxsiyyəti və yaradıcılığı gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Mikayıl Müşfiqin adını daşıyan 18 saylı tam orta məktəbin şagirdləri şairin həyat və yaradıcılığı haqqında məlumatlar təqdim edərək bədii kompozisiyalarla çıxış etdilər.

“Respublika”.