YAP xalqla birlikdə zəngin və şərəfli inkişaf yolu keçmişdir
Digər xəbərlər

YAP xalqla birlikdə zəngin və şərəfli inkişaf yolu keçmişdir

"Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı, bir daha demək istəyirəm, tarixi hadisə idi. Ulu öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı". Bu fikirləri noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.

YAP Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Partiya yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək milli müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə layiqli töhfələrini verib. Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti parçalanmaqdan, anarxiya, xaos və tənəzzüldən xilas olaraq bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çıxdı. Nail olduğumuz müstəqillik bu gün dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daha da möhkəmlənib və əbədilik qazanıb.

Ümummilli lider Heydər Əliyevin o zaman Azərbaycanın gələcəyi ilə bağlı proqnozlar verməsi, Kommunist partiyası rəhbərliyinin yarıtmaz siyasətini tənqid etməsi, SSRİ rəhbərliyinin anti-Azərbaycan siyasətinə qarşı çıxması, o vaxtkı rəhbərliyin Qarabağ məsələsinə aid xəyanətkar siyasətini və erməniləri dəstəkləmələrini ifşa etməsi və bunlardan irəli gələn təzyiqlər həmin dövrün daxili proseslərinin ümumi xüsusiyyətini müəyyən edirdi. Məhz belə bir proseslərin gedişatında Yeni Azərbaycan Partiyasının ətrafında ümumazərbaycan hərəkatı formalaşmağa başlamış və faktiki olaraq, Yeni Azərbaycan Partiyasının yaranması prosesi ümumxalq prosesinə çevrilmişdi. 1992-ci ilin noyabr ayına qədər olan müddətdə demək olar ki, Azərbaycan xalqının bütün zümrələri, sosial təbəqələrin nümayəndələri, fəhləsindən tutmuş akademikinə, hərbçisindən tutmuş hüquq-mühafizə orqanlarının əməkdaşlarına qədər bütün insanlar baxışlarını Naxçıvana - ulu öndər Heydər Əliyevə yönəltmişdilər ki, Heydər Əliyev gələcək və Azərbaycanı düşdüyü vəziyyətdən xilas edəcək. Əlbəttə ki, çətin şəraitdə hər bir xalqa müdrik lider lazım olur. 1992-ci ildə YAP-ın yaranması, sözün həqiqi mənasında, Azərbaycanın faktiki olaraq, ictimai-siyasi həyatında bir ümumxalq hadisəsinə çevrilmək prosesi idi və Yeni Azərbaycan Partiyası müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın həyatında tarixi ictimai-siyasi prosesə çevrildi.

O vaxt hakimiyyətdə olanlar antimilli fəaliyyətləri ilə insanların onlara olan inamını sürətlə itirirdilər. Çünki onlar elə bir yarıtmaz siyasət yürütdülər ki, Azərbaycanı elə bir çətin və çıxılmaz duruma saldılar ki, cəmiyyətin bütün təbəqələri onlardan üz çevirdi. Məhz bu iki proses paralel getdiyindən YAP insanların davamlı dəstəyini alan qüvvə kimi hakim partiyaya çevrildi. Bununla da Azərbaycanda daxili siyasətin yeni ənənələri formalaşdı və bu səbəbdən də YAP o gündən bu günə qədər möhtəşəm zəfərlər qazanmağa başladı. Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyuldu. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək müasir tariximizin yeni çalarlarını özündə birləşdirməyi bacardı.

Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası öz ətrafında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirib. Bu gün YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır. Ümummilli liderimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilib. Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib.

 YAP cəmiyyətimiz üçün çoxsaylı nümunələr yaradıb. Bunlardan biri də partiya-lider-xalq birliyidir. Lider-partiya-cəmiyyət şkalası üzrə YAP öz sıralarını bu gün də genişləndirir. Partiya Azərbaycan xalqının milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün təbəqələrini özündə birləşdirir. Ulu öndər Heydər Əliyev ilk dəfə müxalifət partiyası kimi fəaliyyət göstərən YAP vasitəsilə əsl müxalifətin necə olmasını nümayiş etdirdi. Ümummilli lider Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ölkə ziyalılarına müraciətində beş əsas prinsipi müəyyən etmişdi. Bunlardan biri və ən əsası milli birlik ideyasıdır. Bu ideya Azərbaycanda hakimiyyətə gəlmək niyyətində olan hər bir siyasi partiyanın xalqın bütün təbəqələrinin milli maraqlarını və vətəndaş birliyini təmin etməli olduğunu özündə ehtiva edir. Ümummilli liderin o zaman müəyyən etdiyi milli birlik strategiyası bu gün də Yeni Azərbaycan Partiyasının təməl prinsiplərindəndir. Azərbaycan hakimiyyətinin əsasında xalq dayanır. Digər ideya bütün insanların potensialından dövlət quruculuğunda, dövlətin potensialından isə vətəndaşların sosial rifahının, milli-mənəvi ehtiyaclarının təmin olunmasında istifadə edilməsi ilə bağlı idi. Belə ki, Azərbaycan cəmiyyətini idarə edə biləcək insanları idarəçiliyə gətirmək lazım idi. Bu prinsip Azərbaycanın bugünkü inkişafının təməlində duran əsas amillərdən biridir. Ulu öndər, həmçinin ölkədə qanunçuluq məsələsini önə çıxardı. Təbii ki, xaos, böhran şəraitində heç bir inkişafdan danışmaq olmazdı.

 Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edirdi ki, Yeni Azərbaycan Partiyasının qurulmasının 30 illiyi münasibətilə bütün YAP üzvlərini və qardaş Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin yaratdığı YAP ilk gündən etibarən böyük xidmətlər göstərib, Azərbaycanın qabaqcıl siyasi partiyası olub və bu gün güclü rəhbərliyinizlə bütün sahələrdə uğurlar əldə etməyə davam edir. Torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib. Türkiyə ilə Azərbaycan arasındakı müstəsna əlaqələrə söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə tam əminəm. YAP-ın qarşıdakı vaxtda da Azərbaycanın rifahı və dünyadakı mövqeyinin güclənməsi istiqamətindəki fəaliyyətini uğurla davam etdirəcəyinə əminəm.

 Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Bu Qələbə hər birizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı. 44 gün ərzində tariximizin Zəfər salnaməsi yazıldı, Qarabağ Azərbaycanımıza qovuşdu. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicinin bütün sahələrdə təsdiqlənməsinin əyani sübutudur. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə ümummilli lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Mustafa KAMAL,

"Respublika".