YAP və AK Parti arasında növbəti videokonfrans keçiriləcək
Digər xəbərlər

YAP və AK Parti arasında növbəti videokonfrans keçiriləcək

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında videokonfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında "Vətən müharibəsi: "Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi" mövzusunda keçirilən dəyirmi masada bildirib.

Tahir Budaqov deyib ki, videokonfransın müzakirə mövzusu Vətən müharibəsində əldə edilən Qələbə və bölgədə yaranan yeni reallıqlardır. O, dəyirmi masanın iştirakçısı olan siyasi partiya rəhbərlərini həmin tədbirə qatılmağa dəvət edib.

Vətən müharibəsində qazanılan Qələbədən sonra Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını qeyd edən YAP Sədrinin müavini deyib: "Artıq YAP Gənclər Birliyinin nümayəndələri Qazaxıstanda səfərdə olublar. Ukrayna və Özbəkistanın siyasi partiyalarından da əməkdaşlıq təklifləri var. Çin Kommunist Partiyası da diplomatik kanallar vasitəsilə bizimlə videokonfrans formatında görüşmək istəyir. Bu görüşün mövzusu ilə bağlı müzakirələr aparılacaq".

Tahir Budaqov vurğulayıb ki, türk dövlətlərinin siyasi partiyaları ilə ikitərəfli əlaqələrin formalaşması istiqamətində də mühüm addımlar atılacaq.

 AZƏRTAC