YAP Qobustan rayon təşkilatının VIII hesabat konfransı keçirilib
Region

YAP Qobustan rayon təşkilatının VIII hesabat konfransı keçirilib

Avqustun 26-da Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının videoformatda VIII hesabat konfransı keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyevin hesabat məruzəsi dinlənilib. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin dünənin, bugünün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqeyi gündən-günə daha da möhkəmlənir.                  

Təşkilat sədri vurğulayıb ki, 30 illik erməni işğalına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu şanlı Qələbə Heydər Əliyev siyasətinin, ideyalarının təntənəsidir. Tarixi Zəfərimizin yaratdığı reallıqlar qarşıya mühüm vəzifələr qoyur. Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə səy göstərir.

F.Güləliyev bildirib ki, hesabat dövründə  Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatına 314 nəfər üzv qəbul olunub. Hazırda YAP Qobustan rayon təşkilatı 54 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Rayon təşkilatı öz sıralarında 2608 üzvü birləşdirir ki, onlardan 1100 nəfəri gənclər, 762 nəfəri isə qadınlardır.

Sonra YAP Qobustan rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Ruslan Şahbazov hesabat məruzəsi ilə çıxış edib.

Müzakirələr zamanı çıxış edən YAP Qobustan rayon təşkilatının İdarə Heyətinin üzvü, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon təşkilatı sədrinin müavini, Qobustan şəhər 4 saylı uşaq bağçasının müdiri Zümrüd Şərifova, rayon təşkilatının Şura üzvləri - Qobustan rayon Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov və Cəyirli Bələdiyyəsinin sədri Aynur Axundova hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, cəmiyyət həyatının istənilən sahəsində inkişafın, dinamizmin təmin edilməsi yeni yanaşmaların tətbiqini, dövrün tələblərinə uyğun  islahatların həyata keçirilməsini tələb edir. Yeni Azərbaycan Partiyasının VII Qurultayına qədərki dövrün ən mühüm hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Qələbəmizin diktə etdiyi reallıqlar və onların gerçəkləşdirilməsi yeni islahatlara, təkmilləşməyə yol açır.

Partiyanın hər bir rayon təşkilatının fəaliyyətini dövrün, zamanın tələblərinə uyğun formalaşdırmalı olduqlarını önə çəkən Ə.Tağıyev YAP Qobustan rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Qobustan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

AZƏRTAC