YAP Mərkəzi Aparatında
Digər xəbərlər

YAP Mərkəzi Aparatında "II Qarabağ müharibəsi və beynəlxalq humanitar hüquq" mövzusunda tədbir

Aprelin 13-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "II Qarabağ müharibəsi və beynəlxalq humanitar hüquq" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Ermənistan ölkəmizə və xalqımıza qarşı beynəlxalq cinayətlər törədib. Bu cinayətlər cəzasız qalmamalı, beynəlxalq birlik bu məsələdə ədalətli mövqe nümayiş etdirməlidir.

Tədbirdə Milli Məclisin deputatı, hüquq elmləri doktoru Nizami Səfərov mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. O bildirib ki, işğalçılığı dövlət siyasətinin əsas prioritetinə çevirən, Azərbaycan xalqına qarşı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələr törədən Ermənistan nümayişkaranə şəkildə beynəlxalq humanitar hüquq normalarını kobud formada pozub. Qeyd edilib ki, beynəlxalq humanitar hüquq müvafiq beynəlxalq konvensiyalarla tənzimlənir, burada Cenevrə konvensiyaları önəmli rol oynayır. Həmin sənədlərə əsasən ölkələrin silahlı münaqişələr dövründə üzərilərinə götürdükləri öhdəliklər var. Müharibələr zamanı tərəflər mülki əhali və mülki obyektlər ilə legitim hərbi hədəfləri fərqləndirməlidir. Amma Ermənistan bu öhdəliklərə əməl etməyib. Belə ki, 30 ilə yaxın işğalçılıq siyasəti dövründə, o cümlədən İkinci Qarabağ müharibəsində Ermənistan çoxsaylı müharibə cinayətləri törədib.

"Ermənilər müharibə dövründə qadağan olunmuş silahlardan istifadə edib, əsir və girovlara qeyri-insani münasibət göstərib, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində yaşayış məntəqələrini, tarixi, dini, mədəni abidələri, qəbiristanlıqları, bütün infrastrukturu məhv ediblər. Bu cür hərəkətlər beynəlxalq humanitar hüququn ciddi pozuntusu olaraq, müharibə cinayətləri kimi qiymətləndirilir. Erməni silahlı qüvvələri beynəlxalq hüququn imperativ normalarını pozaraq, bəşəriyyət tarixində nadir hallarda rast gəlinən cinayətlər törədiblər. Bu cinayətlər sırasında Xocalı soyqırımı xüsusi olaraq qeyd edilməlidir. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq, yerlə-yeksan edilib, dinc əhali xüsusi qəddarlıqla kütləvi şəkildə qətlə yetirilib", - deyən N.Səfərovun sözlərinə görə, dövlətimiz bu cinayətlərin cəzasız qalmaması üçün müvafiq addımlar atır.

Deputat təəssüflə qeyd edib ki, beynəlxalq cinayətlərə görə məsuliyyətin həyata keçirilməsində də qlobal səviyyədə ikili standartlar hökm sürür və bunun nəticəsində Azərbaycan ərazisində soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törətmiş canilərin bəziləri hələ ki məsuliyyətdən boyun qaçırmağa müvəffəq olurlar.

Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Ermənistanın müharibə cinayətlərinin beynəlxalq müstəvidə ifşa olunması üçün gənclərin üzərinə müəyyən vəzifələrin düşdüyünü deyib. O qeyd edib ki, müharibə hərb cəbhəsində başa çatsa da, informasiya cəbhəsində davam edir. Bu səbəbdən də Azərbaycan gəncləri beynəlxalq hüquqa istinad edərək ermənilərin müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması işində daha böyük fəallıq göstərir və bundan sonra da göstərəcəklər.

Tədbirdə daha sonra YAP Veteranlar Şurasının üzvləri Elman Məmmədov, Xeyrəddin Qoca, Əli Həsənov çıxış ediblər, gənclərin sualları cavablandırılıb.

AZƏRTAC