YAP Mərkəzi Aparatında AK Parti Qadınlar Birliyinin sədri ilə görüş keçirilib
Digər xəbərlər

YAP Mərkəzi Aparatında AK Parti Qadınlar Birliyinin sədri ilə görüş keçirilib

İyulun 27-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Bahar Muradova Azərbaycanla Türkiyənin qədim tarixi köklərə malik ənənələrinin və mədəniyyətinin olduğunu bildirib. Komitə sədri deyib: “Bu gün Azərbaycanla Türkiyə arasındakı əlaqələr qarşılıqlı əməkdaşlığa, dostluğa, qardaşlığa, hüquq bərabərliyinə əsaslanır. Bu çoxtərəfli əməkdaşlıq getdikcə yüksələn xətlə inkişaf etməkdədir”.

Münasibətlərimizin tarixindən geniş bəhs edən Bahar Muradova bildirib ki, tarixin ən müxtəlif mərhələlərində dövlətlərimizin, xalqlarımızın maraqlarına uyğun münasibətlər qurulub.

B.Muradova böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimiz” və Heydər Əliyevin “Bir millət, iki dövlət” tezislərini önə çəkərək, bu fikirlərin bütün dövrlər üçün aktuallığını nəzərə çatdırıb.

Azərbaycanla Türkiyə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirən B.Muradova qeyd edib ki, bu mərhələni şərtləndirən əsas sənəd iyunun 15-də imzalanan Şuşa Bəyannaməsidir. “Bu sənəd  hər iki dövlətin hazırkı durumda qarşısına qoyduğu vəzifələri, hədəfləri özündə əks etdirir. O cümlədən xüsusi bir sənədi də vurğulamaq istəyirəm ki, bu da  Şuşa Bəyannaməsindən və indiyədək iki dost ölkə arasındakı münasibətlərdən irəli gələrək partiyalarımız arasında imzalanan əməkdaşlıq haqqında protokoldur. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişafına töhfələrimizi vermək üçün qarşılıqlı öhdəliklərimizi müəyyən etmişik. Bu öhdəliklərin də həyata keçirilməsi zəminində bütün səviyyələrdə əməkdaşlığı ortaya qoymalıyıq. Qarşılıqlı səfərlər çərçivəsində atılan addımlar bu hədəflərə böyük töhfə olacaq”, - deyə komitə sədri qeyd edib.

AK Parti Qadınlar Birliyinin sədri Ayşe Keşir qonaqpərvərliyə görə  təşəkkürünü bildirib. O, bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünya düzəni üçün örnək olduğunu vurğulayıb.

A.Keşir Azərbaycanın Zəfərindən böyük qürur hissi keçirdiyini bildirib, Şuşa Bəyannaməsinin imzalanması mərasimində iştirakından  məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

AZƏRTAC