YAP-ın təsis edilməsinin 29-cu ildönümü münasibətilə
Ekologiya

YAP-ın təsis edilməsinin 29-cu ildönümü münasibətilə "Yaşıl Marafon" kampaniyası

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 29-cu ildönümü münasibətilə noyabrın 20-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə "Yaşıl Marafon" kampaniyası keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin deputatları və partiyanın fəalları marafonda iştirak ediblər.

Kampaniya çərçivəsində YAP üzvləri ETSN-in nümayəndələri ilə birgə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının iqliminə uyğun 1000-dən artıq müxtəlif növ ağac əkiblər.

Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti bir töhfədir. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Hazırda bu nəcib siyasət Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP üzvləri də Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirirlər.

AZƏRTAC