YAP fəalları şəhid ailələrini ziyarət edib
Region

YAP fəalları şəhid ailələrini ziyarət edib

YAP Xaçmaz rayon təşkilatının fəalları tez-tez şəhid ailələrinə baş çəkir, qayğılarını öyrənir, onlara mənəvi dəstək olurlar. YAP fəalları rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri ilə birgə Nabran kəndində şəhid Mamedov İlahəddin Dilamuddinoviç və Aşağı oba kəndində şəhid Dadaşov Zaur Zümrüd oğlunun ailələrini ziyarət edib.

Ziyarətçilər əvvəlcə Aşağı oba və Nabran kənd qəbiristanlığında şəhidlərin məzarı üstünə gül-çiçək dəstələri düzərək xatirələrini ehtiramla yad etmiş, ruhlarına dualar oxunmuşdur. Daha sonra şəhidlərin ailə üzvləri ilə görüşən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışaraq hər iki şəhidin döyüş yolundan danışdı. Qeyd etmişdir ki, Nabran kəndində doğulub boya-başa çatan İlahəddin Mamedov 2019-cu ildə hərbi xidmətə çağırılmış, Cəlilabad rayonunun Göytəpə kəndində yerləşən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Vətən müharibəsinin ilk günündən o, döyüş bölgəsinə yollanmış, Xocavənd, Füzuli, Cəbrayıl, Kəlbəcər uğrunda gedən ağır döyüşlərdə bir sıra igidlik nümunələri göstərmişdir. Cəsur döyüşçü Cəbrayıl istiqamətində gedən qanlı döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlmişdir. Ölümündən sonra “Döyüşdə fərqlənməyə görə, “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur.

Aşağı oba kəndində boya-başa çatan Zaur Dadaşov Qusarda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu idi. Müharibə başlayan gündən döyüşlərə qatılaraq Cəbrayıl, Füzuli istiqamətində gedən qızğın döyüşlərdə iştirak etmişdir. Cəsur döyüşçü oktyabrın 11-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş, ölümündən sonra o, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Çıxış edənlər də hər iki şəhidin yüksək insani keyfiyyətlərindən,  Vətənə, elinə hədsiz bağlılığından danışmışlar. Onların keçdiyi qısa, lakin şərəfli ömür yolunun gələcək nəsillərə vətənpərvərlik nümunəsi olduğunu söyləmişlər. 

 Şəhid ailələri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.