Yanğın hadisələri ilə bağlı maarifləndirici təbliğat işləri
Region

Yanğın hadisələri ilə bağlı maarifləndirici təbliğat işləri

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə Şamaxı rayonunda yanğın hadisələrinin qarşısının alınması istiqamətində maarifləndirici tədbir keçirilib.

Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov açaraq, biçin mövsümünün yaxınlaşması ilə əlaqədar müəssisə və təşkilat rəhbərlərinə, bir sıra torpaq istifadəçilərinə yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə riayət olunmasının, əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsinin, eyni zamanda yanğın təhlükəsizliyi mövzusunda aidiyyəti orqanların göstərişlərinin və digər qanuni tələblərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Çıxış edənlər hər bir yanğının fövqəladə hadisə olduğunu, çox vaxt böyük yanğınların kiçik yanğınlardan törəndiyini və kiçik yanğın hadisələrinə əhəmiyyətsiz yanaşılmasının düzgün olmadığına toxunublar. Həmçinin məişət tullantılarının, yaşayış məntəqələrində qurumuş kol-kosun yandırılmasının yaxınlıqda yerləşən digər obyektlərdə yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis-kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olduğunu, bu kimi halların qarşısının alınması məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən əhali arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işləri aparılmalı olduğunu bildiriblər.

M.QULUYEV,

"Respublika".