Yalçın Nəsirov
Sosial həyat

Yalçın Nəsirov

1995-ci ilin mart hadisələri başlayanda silahlı dəstələr dövlətçiliyimizə və müstəqilliyimizə zərbə endirmək məqsədilə dövlət çevrilişinə cəhd etdilər. Vətənin belə bir dar məqamında neçə-neçə cəsur oğullar silaha sarılaraq ölüm-dirim mübarizəsinə qoşuldu. Vətənə, xalqa xəyanət edən dəstələrin zərərsizləşdirilməsində həyatını təhlükə qarşısında qoyan, ölümü ilə ölümsüzlüyə qovuşanlardan biri də Yalçın Canhəsən oğlu Nəsirov oldu.

Yalçın Nəsirov 23 yanvar 1976-cı ildə Azərbaycanın dilbər guşələrindən olan Astara rayonunun Sərək kəndində dünyaya göz açmışdır.

Orta məktəbdə oxuyarkən Yalçın çalışqanlığı ilə şagird yoldaşlarından fərqlənirdi. Xüsusilə, humanitar fənlərə böyük maraq göstərirdi. Futbola, voleybola böyük həvəsi var idi. Məktəblilər arasında keçirilən yarışlarda fəal iştirak edirdi. Yalçın Nəsirov orta təhsilini başa çatdırdıqdan sonra sürücülük peşəsinə yiyələndi. O, 1994-cü ildə ordu sıralarına yollandı. Daxili Qoşunların tərkibində Lökbatanda 2 ay hərbi təlim keçdikdən sonra əsgəri xidmətini Tərtər və Şamaxı rayonlarında davam etdirdi. Komandanlığın tapşırıqlarını ləyaqətlə yerinə yetirirdi. Gənc əsgər böyük arzularla yaşayırdı. Lakin 1995-ci ilin məlum mart hadisələri başlandı. Quldur dəstələrin özbaşınalığı, silaha sarılmaları Yalçını bərk narahat edirdi. Vətənin bu ağır günündə silahlı dəstələrin zərərsizləşdirilməsi üçün sinəsini sipər etdi. Atılan güllələrdən biri Yalçının sinəsinə tuş gəldi. Çox qan itirmişdi, onu ölümün pəncəsindən xilas etmək üçün təcili Sabunçu rayon xəstəxanasına çatdırdılar. Lakin artıq gec idi... Həkimlər onu həyata qaytara bilmədilər. 1995-ci il martın 24-də Yalçın gözlərini əbədi olaraq yumdu. Son mənzili Sərək kəndindəki qəbiristanlıq oldu. Onun ölümü doğmalarını, valideynlərini bərk sarsıtdı. Yalçın Nəsirov Milli Ordunun əsgəri kimi öz vətənpərvərlik borcunu şərəflə yerinə yetirdi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Yalçın Nəsirov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Cəsur, igid döyüşçünün adı əbədiləşdirilmişdir. Sərək kənd orta məktəbi onun adını daşıyır. Astara rayonundakı "Qəhrəmanlar bağı"nda Yalçın Nəsirovun büstü qoyulmuşdur.

Qədir ASLAN,

"Respublika".