Yakub Kulhanek: Çexiya şirkətləri azad olunmuş ərazilərdə bərpa və quruculuq prosesində iştirakda maraqlıdır
SİYASƏT

Yakub Kulhanek: Çexiya şirkətləri azad olunmuş ərazilərdə bərpa və quruculuq prosesində iştirakda maraqlıdır

Sentyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, xarici işlər nazirləri arasında təkbətək başlayan görüş hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Çexiya nümayəndə heyətini salamlayan nazir Ceyhun Bayramov ölkəmizin Çex Respublikası ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib və bu xüsusda, "Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında önəmli rolunu qeyd edib.

İkitərəfli səfər mübadilələrinin əlaqələrin inkişafına töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov çexiyalı nazirin cari səfərinin, bu çərçivədə keçirilmiş görüş və tədbirlərin əhəmiyyətini vurğulayıb.

Nazir Yakub Kulhanek rəhbərlik etdiyi nümayəndə heyətinin dostcasına qarşılanmasından məmnunluq bildirərək, Azərbaycanın Çexiya üçün vacib tərəfdaş ölkə olduğunu qeyd edib. O, səfər çərçivəsində biznes forumun açılışında iştirakını məmnunluqla qeyd edərək, hər iki tərəfdən çox sayda şirkətin iştirak etdiyi bu tədbirin ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı üçün önəmli olduğunu bildirib.

Tərəflər ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, iqtisadi-ticarət sahələrində mövcud potensiala uyğun olaraq əlaqələrin inkişafının vacibliyi, o cümlədən ölkələrimiz arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyəti, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə humanitar, turizm sahələrində münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan postmünaqişə mərhələsi və ən son vəziyyət, o cümlədən Azərbaycan tərəfinin Ermənistan işğalından azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verib. Nazir həmin ərazilərdə Ermənistan tərəfindən onilliklər ərzində məqsədli şəkildə basdırılan minalar və bu ciddi təhdidin ağır nəticələrindən danışıb. Azərbaycan tərəfinin ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın icrası ilə bağlı gördüyü tədbirlər barədə qarşı tərəfə məlumat verilib.

Yakub Kulhanek bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb və Çexiya şirkətlərinin bərpa və quruculuq prosesində iştirak etmək marağını ifadə edib.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdən sonra Azərbaycan Respublikasının və Çex Respublikasının xarici işlər nazirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

AZƏRTAC