Yaddaşlarda  qəhrəman bir gənc kimi yaşayacaq
Sosial həyat

Yaddaşlarda  qəhrəman bir gənc kimi yaşayacaq

Aprel döyüşlərinin şəhidi Şulan Bayram oğlu Bayramov 28 iyul 1996-cı ildə Sumqayıt şəhərində zəhmətkeş, vətənpərvər bir ailədə anadan olmuşdur. 2003-cü ildə Sumqayıt şəhər 33 saylı orta məktəbin birinci sinfinə gedən Şülanın da, qardaşının da ən böyük arzuları hərbçi olmaq olur. Evdə həmişə iki qardaş qəhrəmanlara həsr olunmuş filmlərə baxarmışlar.

Oxuduğu məktəbin “Şahinlər” adlı hərbi komandasının  komandiri Şulan Bayramov imiş. Komanda tez-tez respublikamızın  hərbi hissələrində olur və əsgərlərlə görüşürmüşlər.    
Vətən və vətənpərvərlik hissləri həmişə öndə olan Şulan 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi kollecinin “Gəmi enerjisi avadanlıqlarının və avtomatik vasitələrinin istismarı” ixtisasına qəbul olunur. Burada bir il təhsil alır. Sonra təhsilini dondurub öz istəyi ilə hərbi xidmətə gedir. Gəncədə 3 ay xidmət etdikdən sonra Göygöl rayonu Toğana kəndində yerləşən hərbi hissənin nümunəvi əsgəri olur. Hərbi hissə komandiri tərəfindən dəfələrlə ailəsinə təşəkkür məktubları gəlir.

Şəhidin anası Türkanə Bayramova  deyir: “Şulan əsgər gedən gün bir kəlmə dedi ki, anam mənim yanıma gəlməsin. O sözdən sonra 1 il 6 ay mən bir dəfə də olsun oğlumu görmədim. Bütün valideynlər uşaqlarının andiçmə mərasiminə qatıldı. Şulan mənə icazə vermədi. Elə bil hiss edirdi ki, daha geri qayıtmayacaq. Mənə gözdağı olacaq heç nə saxlamadı. Şulan çox dəliqanlı, kişi qeyrətli, ailəcanlı, istiqanlı oğul idi. Aprelin 3-ü oğlum tərxis olunub evinə gəlməli idi. Onun yolunu necə həsrətlə gözləyirdim, amma özü yox, buz kimi soyuq bədənini gətirdilər”.

Əmisi Akif Bayramov: Bizim nəslimiz elə həmişə bu Vətən yolunda əzabkeş olub, yurddan-yurda, eldən-elə köçmək yazılıb taleyimizə. Zəngəzur mahalının Sisyan rayonunun Avdı kəndindənik. Babalarımız sürgünlər, davalar görüblər. Ötən əsrin 1937-ci ilində babamız Ədil kişi repressiya qurbanı olub. Kişini repressiya edəndə 8 uşağı qalıb nənəmizin himayəsində. Böyük nənəmiz repressiya illərində ailələrinin, nəsillərinin, yurdlarının viran qalması, şumlanması, talan-şulan olmasına görə atamın adını Şulan qoyub. Atam isə öz adını qardaşım Bayramın ilk oğluna qoydu ki, ermənilərin bizə qarşı etdikləri viranəliyi, talan-şulanı unutmayaq. Tarix boyu qismətimiz belə yazılıb. Əmim Cəmil də 1941-45-ci il II Dünya müharibəsində həlak olub. İndi Şulan balamız da o babalarının yolunu getdi, onların taleyini yaşadı... Aprelin 6-da qardaşım Bayram mənə zəng vurdu ki, get evə tez çat, biz də gələcəyik, Şulan gəlir. Mən də uşaqlarımı yığıb dedim ki, gedək Şulanı qarşılamağa. Məhəllədəki izdihamı görəndə dizlərim əsdi... Sən demə qardaşıma zəng vurub, həqiqəti deməyiblər, eləcə deyiblər ki, oğlunuz gəlir... O da çox sadə, fağır adamdır, zəhmətkeş insandır. Ürəyinə başqa bir fikir gəlməyib. Sonradan bilib ki, oğlu həlak olub.

Şulan Reyhan nənənin ilk nəvəsi idi: “Martın 27-də mənə zəng vurdu. Novruz bayramı münasibətilə təbrik etdi. Elə bildim ki, evə buraxılıb. Dedi ki, aprelin 1-i gələcək. Yolunu gözləyirdim, aprelin 3-ü qızım Türkan zəng vurdu ki, ana Şulanı cəbhə bölgəsinə aparıblar. Dedim, inşallah qayıdar, narahat olma. O gecədən sonra qaldım televizorun qabağında, şəhid olan əsgərlərə yandım, Ordumuz üçün dualar etdim... 6-sı gecə oğlum Sumqayıtdan zəng vurdu ki, bilet almışam, uç gəl Naxçıvandan Sumqayıta. Bəs... Şulan yaralanıb. İnanmadım. Başıma-gözümə döyə-dəyə qaldım. Qonum-qonşu gecəylə məni yola saldı... Hamıyla gedən nəvəm hamıyla qayıtmadı, səhər-səhər tabutda qayıtdı evinə... Mən Naxçıvanda hərbi hospitalda işləyirəm. Nəvəmin əvvəldən arzusu hərbçi olmaq idi. Gəlib bir il yanımda oxudu ki, Naxçıvandakı hərbi məktəbə qəbul olunsun. 1 il oxudu. İmtahan verdi. Hərbi-tibbi müayinədən keçmədi. Gözlərinin zəif olduğunu dedilər. O qədər ağladı ki, bəs arzusu ürəyində qaldı. Sonra Bakıdakı Hərbi Dənizçilik Məktəbinə qəbul olundu. Oranı da oxumadı. Dedi ki, gedib hərbi xidməti başa vursun, sonra gəlib təhsili davam etdirər... Biz nə fikirləşirdik, nələr oldu... Nəvəmlə bağlı o qədər arzularım var idi ki...”.

Bəli, ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim xalqımızın yaddaşında  qəhrəman bir gənc kimi yaşayacaq.

Müşfiq MİRZƏ,

“Respublika”.