Türkiyə
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib.
1918-ci ildə 31 mart soyqırımı törədiləndən və Zaqafqaziya Seyminin dağılıb Azərbaycanın, Gürcüstanın müstəqillik əldə etməsindən sonra arxalana biləcəyimiz yeganə qüvvə Türkiyə idi.
Məsələn, gürcülər Almaniya ilə ittifaqda idilər, ermənilər də həmişəki kimi həm Rusiya, həm də İngiltərəyə yalmanırdılar, vahid siyasətləri yox idi. Azərbaycan həm din, həm də qan qardaşı olan türklərə yaxın idi. Türkiyə də həqiqətən Azərbaycanda müstəqil dövlət qurulmasının marağında idi. Burada həm Bakının neft ehtiyatları, həm də başqa maraqlar var. Bakı neftinə Böyük Britaniya, Sovet Rusiyası, Almaniya da göz dikmişdi. Məhz bu faktora görə, Azərbaycanın müstəqilliyi böyük qanlar bahasına başa gəlib. Amma müstəqil dövlət quruculuğu prosesində türklərlə Azərbaycanın milli qüvvələrinin fikri hər zaman üst-üstə düşüb.
Azərbaycan və Anadolu türklərini taleyin acılı-şirinli günləri birləşdirir. Bununla əlaqədar olaraq tarixin yaddaşında bir çox olaylar silinməz iz buraxmışdır. Şanlı tarixə malik olan bu iki qardaş xalq 100 il bundan əvvəl yenidən zamanın sınağına çəkildi. Onların birlikdə təşkil etdiyi Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarında öz qanları ilə tarix yazaraq Bakını bolşevik-erməni işğalından azad etdilər. Azərbaycan və Osmanlı türklərinin qardaşlığına, dostluğuna dair tarixin qoynunda çoxsaylı olaylar, qəhrəmanlıq nümunələri yatır. Hətta taleyüklü məsələlərin həllində belə, bu xalqlar düşmüş olduqları çətin, ağır vəziyyətlərdə bir-birinə yardım əllərini uzatmışlar. Ötən əsrin əvvəllərində Balkan müharibələri, bunların ardınca Birinci Dünya savaşı zamanı peşəsindən və yaşından asılı olmayaraq Azərbaycanın bir sıra vətənpərvər insanları, ziyalıları İslam-Türk dünyasının mərkəzi olan Osmanlı Türkiyəsinin müdafiəsinə qalxdılar. Tezliklə iş elə gətirdi ki, müharibənin sonunda Osmanlı dövləti Azərbaycanın yenicə elan olunmuş istiqlaliyyətinin müdafiəsinə gəlməli oldu. Osmanlı dövləti özünün hərbi-siyasi və iqtisadi durumunun ağır olmasına baxmayaraq, Qafqaz müsəlmanlarının, xüsusilə də Azərbaycan türklərinin taleyinə biganə qalmadı və qala da bilməzdi. Bu fikirləri Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib. O deyib: ''Həmin dövrlərdə Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq, azərbaycanlı qardaşlarının köməyinə yetişdi. Əvvəlcə 12-14 min Osmanlı əsgərindən ibarət Qafqaz İslam Ordusu yenicə yaranmaqda olan Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birləşib, sonradan Dağıstan müsəlmanlarından ibarət könüllülərin qoşulması ilə sayı təqribən 20 min nəfərə çatıb. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə yaradılmış Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrınadək misilsiz fədakarlıqlar göstərib''.
Qafqaz İslam Ordusunun tarixindən bəhs edən Sərdar Ünsal 1918-ci ilin martında daşnak-bolşevik cəlladlarının Bakıda, Şamaxıda və Azərbaycanın digər yerlərində törətdikləri dəhşətli qırğınları xatırladıb: "Bu vəhşiliyin qarşısını almaq üçün Gəncədə yerləşən Qafqaz İslam Ordusu erməni-bolşevik quldur dəstələrinin əlində olan Qaraməryəm, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı və digər əraziləri sürətlə təmizlədilər. Qarşıda ən möhtəşəm vəzifə dayanırdı: Azərbaycanın ürəyi - Bakı yağılardan təmizlənməli idi. Bakı müzəffər ordunun yolunu gözləyirdi. 1918-ci il sentyabrın 15-i Qurban bayramına təsadüf edirdi və Ənvər Paşa göstəriş vermişdi ki, Bakı bu müqəddəs gündə azad olunmalıdır".
Tarixi faktlara əsaslanan tədqiqatçı-yazar qeyd edib ki, orduya rəhbərlik edən Nuru Paşa asayişi təmin etmək üçün əvvəlcə Gəncədəki ermənilərdən silahların toplanması əmrini verib. Xəbərdarlıqlara əhəmiyyət verməyən erməni məhəlləsi 10 iyunda gecəyarısı mühasirəyə alınıb və Qafqaz İslam Ordusu Azərbaycanda ilk şəhidlərini bu döyüşlərdə verib. Şəhidlər silahdaşlarının və xalqın çiyinlərində təntənəli bir mərasimlə Gəncə məzarlığında torpağa tapşırılıb. Sonra bu ordu Gəncədən Bakıyadək çətin və şərəfli döyüş yolu keçib. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni quldur dəstələrindən xilas etməsi şanlı tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, birliyimizin və qardaşlığımızın sarsılmazlığına əyani sübutdur. Bu qanlı döyüşlərdə 1130 türk əsgəri həyatını Azərbaycan naminə qurban verib. 1918-ci il sentyabrın 15-də Bakının azad olunmasından sonra Nuru Paşa oktyabrın 1-dən sonuna qədər Qarabağda hərbi əməliyyat keçirib. O əməliyyat nəticəsində erməni silahlı dəstələrinin - Andranikin, Dronun qrupları tərk-silah edilib və Azərbaycanın şimalı tamamilə erməni silahlılarından təmizlənib. Qarabağ bir ay müddətində işğaldan azad edilib. Daha sonra "Mudros barışığı"na görə ordu geri çəkilməli olub. Çünki barışığın şərtlərinə görə, Qafqaz ərazisində türk qoşunları olmamalı idi. Nuru Paşa noyabr ayına qədər Bakıda qalıb. Sonradan Tomson bəyanat verib ki, Nuru Paşa Bakını tərk etməlidir. Əslində, Nuru Paşa Bakıda qalmaq istəyirmiş. Hətta Azərbaycan hökuməti ilə də müqavilə imzalayıbmış. Müqaviləyə görə o, Azərbaycanda ordu komandanı kimi fəaliyyət göstərəcəkdi. Amma çox təəssüf ki, müttəfiq qoşunlar komandanı kimi Bakıya gələn Tomson bunu qəbul etməyib. Nuru Paşa ordusunu geri çəkməli olub. Əvvəlcə, Gəncəyə, sonra Batum yolu ilə Türkiyəyə qayıdıb''.
Böyük tarixi sınaqlardan keçmiş Azərbaycan-Türkiyə dostluğundan danışan Sərdar Ünsal onu da qeyd edib ki, bu qardaşlığın dünyada analoqu yoxdur. Bizim sevincimiz də, kədərimiz də birdir. İnanıram ki, qədirbilən Azərbaycan xalqı Qafqaz İslam Ordusunun və Nuru Paşanın bu vətən üçün etdiklərini heç bir zaman unutmayacaq.
"Birliyimizin təzahürü olan digər tarixi məqamlar da yaşamışıq, - deyən Sərdar Ünsal məşhur Çanaqqala müharibəsini xatırladıb: ''Azərbaycanın igid oğulları da Osmanlı dövlətinin çətin vaxtlarında həmrəylik nümayiş etdirərək onun köməyinə yetişmişdilər. Tarixi faktlara görə, 2 minə qədər azərbaycanlı Böyük Britaniya ordusunun Çanaqqalaya hücumunun qarşısını alarkən şəhid olub. Çanaqqalada şəhid olmuş azərbaycanlı döyüşçülərin adı heç bir zaman yaddaşımızdan silinməyəcək".
Sərdar Ünsal fikrini belə tamamlayıb: "İllərin sınağından keçən Türkiyə-Azərbaycan dostluğu bu gün dünyada bənzəri olmayan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Türk dünyasının birliyinin əsasını qoymuş Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik xalqlarımızın qardaşlığını və dostluğunu daha da möhkəmləndirir".
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.