XX əsrin son Zirvə görüşü
Türk dünyası

XX əsrin son Zirvə görüşü

18 noyabr 1999-cu ildə Türkiyənin qədim İstanbul şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sonuncu Zirvə görüşündə ulu öndər Heydər Əliyev iştirak etmiş, nitq söyləmişdir. Qurumun toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" Saziş imzalanmışdır.

Bu, 1999-cu il noyabrın 18-19-da dost və qardaş Türkiyənin qədim İstanbul şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yola salınmaqda olan yüzillikdə sonuncu Zirvə görüşü idi. Əsası 1975-ci ilin yayında Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi kimi qoyulmuş ATƏT o illərdə qitəmizin ən mötəbər beynəlxalq təşkilatına çevrilmişdi. 90-cı illərin əvvəlində SSRİ-nin dağılması nəticəsində yaranmış yeni müstəqil dövlətlərin bir çoxu, o cümlədən Azərbaycan Respublikası da (1992) ATƏT-ə daxil olmuşdur. Azərbaycan müstəqil dövlət olaraq 1994-cü ildən bu mötəbər təşkilatda fəal iştirak edir. Ulu ondər Heydər Əliyev 1994-1996-cı illərdə ATƏT-in Budapeşt və Lissabon Zirvə görüşlərində dövlətimizi təmsil etmişdir. Azərbaycan Prezidentinin ATƏT-ə daxil olan digər ölkələrin dövlət və hökumət başçılarının, nümayəndə heyətləri ilə birlikdə, bərabər hüquqda bu toplantılarda iştirakı, ardıcıl, məqsədyönlü və qətiyyətli işi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyinin bütün dünyaya çatdırılmasında, münaqişənin həlli prinsiplərinin müəyyən edilməsində mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ATƏT-in İstanbul Zirvə görüşündəki nitqində bildirmişdi ki, Cənubi Qafqaz regionu Avropanın ayrılmaz hissəsidir. Mən Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyi ölkələrinin, Rusiyanın, Türkiyənin, Gürcüstanın, Ermənistanın və ATƏT-in marağı olan bütün digər üzvlərinin dövlət və hökumət başçılarına müraciət edərək onları regionumuzun problemlərinin həlli üçün qətiyyətli fəaliyyət göstərməyə çağırıram. Mən Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının təsis olunmasını təklif edirəm. Belə bir pakt dövlətlərarası münasibətlərin və münaqişələrin aradan qaldırılmasının prinsipial əsaslarını təsbit etməlidir. Onun əsasında regiondan xarici hərbi qüvvələr çıxarılmalıdır. Regionu bölən ayırıcı xətlər aradan qaldırılmalıdır. Təcavüzə, etnik təmizləmələrə, separatçılığa və terrorizmə son qoyulmalıdır. Baş vermiş faktlar əsasında hərəkətlərə və ikili standartlara yol verilməməlidir. Belə bir pakt regionda sülh, sabitlik və təhlükəsizlik yaranmasına, Cənubi Qafqazın suveren, müstəqil demokratik dövlətlərinin iqtisadi tərəqqisinə və əməkdaşlığına gətirib çıxarardı. XXI əsrin astanasında beynəlxalq birliyin Cənubi Qafqazda uğurlu fəaliyyəti azad, bölünməz və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı.

Bütövlükdə, İstanbul sammiti çox böyük hadisə, siyasi sarsıntılar və təlatümlərlə zəngin olan XX əsrin siyasi tarixində xüsusi yer tutur. Çünki ATƏT-in bu Zirvə toplantısında Avropanın və dünyanın gələcəyi üçün mənası və əhəmiyyəti çox böyük olan tarixi qərarlar qəbul edilmiş, mühüm sənədlər imzalanmışdı.

Qeyd edək ki, BTC layihəsinin reallaşdırılması istiqamətində mühüm bir addım kimi 29 oktyabr 1998-ci il tarixində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı "Ankara Bəyannaməsi" qəbul olunmuşdu. 13 iyul 2006-cı il tarixində Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Prezidenti  İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş  “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Birgə əməkdaşlıq sayəsində inşası davam etdirilən, XXI Əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığın növbəti mərhələsi olacaqdır.  Azərbaycanın, Türkiyənin, Gürcüstanın ayrılıqda üçtərəfli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verməkdədir. Bu layihələr ölkələrin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirir. BTC kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə arasındakı regional xarakterli ən mühüm layihələrdən biridir. 2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanmışdır. Türkiyə ilə Yunanıstan arasında qaz boru sistemlərinin birləşdirilməsindən sonra isə Azərbaycan üçün bu kəmər vasitəsilə Avropa İttifaqı ölkələrinə qaz ixracı mümkün olmuşdur.

Azərbaycanın yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilişi ideyası və onun reallığa çevrilməsi məhz ulu öndər Heydər Əliyevə məxsusdur. Bu layihənin baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən ümummilli lider Heydər Əliyev olub. BTC kəmərinin çəkilməsi ilə reallaşan və ulu öndərin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur.

Ulu öndər Heydər Əliyev 1999-cu il dekabrın 29-da "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və istismara verilməsi tədbirləri haqqında” Sərəncam imzalamış və layihənin həyata keçirilməsi üzrə komissiya təşkil olunmuşdu. Komissiyaya danışıqların aparılmasına, müvafiq tədbirlərin icrasına aid səlahiyyətlər verilmişdi. Eyni zamanda, komissiyaya tapşırılmışdı ki, boru kəmərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsini təşkil etmək üçün müəyyən olunmuş qaydada beynəlxalq səviyyədə tanınmış qurumlardan maliyyə məsləhətçilərini təyin etsin. Bu sazişlərin və sərəncamların ümummilli lider Heydər Əliyev tərəfindən imzalanması 2000-ci ilin oktyabr ayında BTC layihəsinin sponsorlar qrupunun yaradılmasına, ilkin mühəndislik və ətraflı mühəndislik işlərinin aparılmasına imkan verdi və BTC layihəsinin texniki, iqtisadi, kommersiya, maliyyə cəhətdən ən əlverişli və səmərəli olduğu təsdiqləndi.

Mustafa KAMAL,

“Respublika”.