XX əsrin bəlası - deportasiya
Tarix

XX əsrin bəlası - deportasiya

Köç karvanları geri dönəcək

Tarixi mənbələr göstərir ki, Qərbi Azərbaycan ərazisində vaxtilə erməni şovinistləri yaşamamışlar. Ancaq daşnaklar qədim Oğuz ellərinə XX əsrin əvvəllərində türk xalqlarına qarşı düşmənçilik mövqeyində duran şər qüvvələrin dəstəyi, xeyir-duası ilə gəlmişlər. Onlar Qərbi Azərbaycanda özlərinə yer etdikdən sonra bu yurdun əbədi sakinlərinə qarşı nələr etməmişlər? Haylar zaman-zaman azərbaycanlıları sıxışdırmış, terror hadisələri törətmiş, müsəlmanları doğma torpaqlarından qovmağa müvəffəq olmuşlar.

Ermənilərin Qərbi azərbaycanlılara qarşı qanlı aksiyaları, cinayətləri XX əsrin əvvəllərində, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə, ən nəhayət 1988-ci ildə daha da genişlənmiş, Moskvadakı dəstəkçiləri ermənilərin bu ədalətsizliyinə göz yummuşlar.

1988-ci il deportasiyası dövründə Moskva hər şeyi hamıdan yaxşı bilirdi. Erməni lobbisinin hazırladığı ssenari M.S.Qorbaçovun göstərişi ilə həyata keçirilirdi.

1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası keçirilməli və bu sessiya Azərbaycan SSR Ali Sovetindən Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçməsi barədə "xahiş" etməli idi. Səbri tükənmiş Qərbi Azərbaycan əhalisi məngənə arasında qalmışdı. Həmin gün Göyçə mahalında ermənilərin son dərəcə yaramaz hərəkətlərinə qarşı azərbaycanlılar öz etiraz səslərini qaldırmalı oldu. Çəmbərək rayonunun Şorja və Çölkənd kəndlərində on min əhalinin etiraz mitinqi keçirildi. Səhərisi gün Basarkeçər rayonunun Şişqaya və Nərimanlı kəndlərində də azərbaycanlılar mitinqə çıxdılar. Bu mitinqlər həm də tətil xarakteri daşıyırdı. Mitinqlərdə qəzəblənmiş insanlar erməni millətçilərinə qarşı kəskin etirazını bildirirdi. Bir çox tələblərlə birlikdə Göyçə mahalına muxtariyyət verilməsi tələb olunurdu. İyirmi mindən artıq adamı birləşdirən bu nümayişlərin etiraz dalğası Ermənistanı lərzəyə gətirdi. Sessiyanın getdiyi vaxtda nümayişlər keçirilən məntəqələrə dərhal hökumət adamları göndərildi. Xalq heç kəsə inanmır, heç kəslə razılaşmaq istəmir, yalnız mərkəzdən, ermənipərəst Moskvadan köməklik gözləyirdi. Lakin mərkəzdən heç bir səs-səmir çıxmadı. Qərbi azərbaycanlıların vəziyyəti isə gündən-günə pisləşirdi. Təəssüflər olsun ki, bu çətin məqamda Azərbaycanın ovaxtkı rəhbərləri də susmağa üstünlük verdi, Qərbi azərbaycanlılara kömək əli uzadılmadı.

Beləliklə, erməni daşnakları 1988-ci ildə öz mənfur niyyətlərini reallaşdırmağa nail oldu. Son deportasiyanı da həyata keçirdilər, ermənilər ümumiyyətlə monoetnik respublika yaratdılar.

XX əsrin 90-cı illərində Qarabağ ərazisindəki torpaqlarımıza xain əllər uzadıldı, neçə-neçə şəhər, qəsəbə və kəndlərimiz Birinci Qarabağ savaşında işğala məruz qaldı. Ağır döyüşlərdə Qərbi Azərbaycandan qaçqın düşmüş neçə-neçə cəsur, mətin oğullar şəhid oldu, 21 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü.

Xalqın səbir kasası dolmuşdu. Hamı qisas alınacaq günü gözləyirdi. Belə də oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində cəmi 44 gün ərzində 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad olundu. Azərbaycan Ordusunun Şuşa şəhərindəki möhtəşəm qələbəsi ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı.

Qərbi Azərbaycandan didərgin düşmüş yüz minlərlə Vətən həsrətli soydaşlarımızı indi geriyə - qəribsəmiş yurd yerlərinə qayıdış düşündürür. Biz qayıdacağıq, haylar istəsə də, istəməsə də. Onlar iqtidar-xalq birliyi qarşısında heç vaxt duruş gətirə bilməzlər, "Dəmir yumruğ"un dadını yaxşı bilirlər.

Ötən il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü oldu. Bu tədbirdə ölkə başçısı dedi: "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".

Ölkə başçısı onu da qeyd etdi ki, indi bizim əsas vəzifəmiz, hədəfimiz ondan ibarətdir ki, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Qərbi Azərbaycan ərazilərində olan tarixi torpaqlarımız da qaytarılsın, Qərbi azərbaycanlıların faciələrinə hüquqi-siyasi qiymət verilsin.

Ümumiyyətlə, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası mükəmməl bir sənəd olacaqdır. Sənəd hazırlanarkən dünyadakı təcrübəyə, beynəlxalq hüquq normalarına və əlbəttə tarixi sənədlərə, xəritələrə üstünlük veriləcək.

Qərbi Azərbaycana qayıdış hər şeydən öncə tarixi ədalətin bərpası baxımından vacibdir. Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir.

Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmini erməni faşizminin ifşası baxımından da mühüm önəm kəsb edir. Ermənilərin Qərbi Azərbaycandakı demək olar ki, bütün tarixi-mədəni irsimizi məhv etdiyi məlumdur. Lakin soydaşlarımızın bu torpaqlara qayıdışından sonra ermənilərin törətdiyi vəhşiliklər haqqında daha aydın və dolğun məlumatlar əldə etmək imkanımız olacaq.

Qərbi azərbaycanlıların qəribsəmiş yurd yerlərinə qayıdışı konsepsiya əsasında reallaşacaq, çox keçmədən köç karvanları İrəvana, Göyçə mahalına, Zəngəzura, Amasiyaya, Zəngibasara və digər qədim Oğuz ellərinə dönəcəkdir.

Seymur NİFTALIYEV,

Beynəlxalq Konsaltinq şirkəti KPMG-nin Azərbaycan Respublikası üzrə hüquq

xidmətinin rəhbəri, Vəkillər Kollegiyasının üzvü.