Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub
Digər xəbərlər

Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək paketi çərçivəsində şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial müdafiə tədbirlərini qeyd edib. Eyni zamanda, onların məşğulluğunun təminatı sahəsində mühüm işlər aparıldığı diqqətə çatdırılıb. Nazirlik sistemində də şəhid ailələri üzvləri və müharibə iştirakçılarının işə qəbul edildiyi bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsi veteranı olan bir qrup keçmiş XTQ hərbçisinin nazirlikdə işlə təmin olunması da bunun təzahürüdür. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş müharibə veteranları bu gün də çalışdıqları dövlət qurumunun fəaliyyətində öz dəstəyini, töhfələrini verirlər. Səmərəli fəaliyyətləri ilə seçilən veteran əməkdaşlara daim xüsusi diqqət və qayğı ilə yanaşılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir.

Görüşdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə əlaqədar həyata keçirilən sosial dəstək tədbirlərinə dair fikir mübadiləsi aparılıb, veteran əməkdaşların bu mövzuda rəy və təklifləri dinlənilib.

AZƏRTAC