Xudafərin tariximizin, gücümüzün, gələcəyimizin rəmzi
Tarix

Xudafərin tariximizin, gücümüzün, gələcəyimizin rəmzi

Azərbaycan tarixinin ən qədim, həm də şanlı səhifələrini özündə yaşadan Xudafərin körpüləri milli ruhumuzun, kimliyimizin nişanəsidir. Azərbaycan Qərblə Şərq arasında körpüdür, dünyanın dörd bir yanından keçib gələn yollar odlar yurdunda birləşir. Hər daşı bir tarix olan, görkəmi ilə ulu daş kitabəni xatırladan, Arazın sinəsində dastana, rəvayətə çevrilən, yüz illərin müharibələrinə sinə gərən Xudafərin körpüsü. İşğal illərində kim bilir, ayrılığa, həsrətə necə dözdün, çox şükür ki, ümidini üzmədin, öz doğmalarının yolunu gözlədin... və onlar gəldilər, düşmənin başına şimşək kimi od yağdırdılar, polad biləkli, cəsur vətən oğullarını qarşıladın, onları sinənə sıxdın, bəlkə elə daş dilinlə söylədin: nə yaxşı ki, gəldiniz.

2020-ci il oktyabrın 18-də Qarabağ müharibəsində parlaq qələbələrə öz qanı və canı ilə imza atan Azərbaycan Ordusunun bölmələri qədim Xudafərin körpüsünü işğalçılardan azad edərək öz sahiblərinə qaytardı, 27 ildən sonra Arazın sivri nizə kimi axıb gedən suları Xudafərinin sinəsində ucalan Azərbaycan bayrağına vüsal nəğməsi oxudu.

Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qalib gəlməsindən 6 gün sonra - 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonuna səfər etdilər. Dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Üçrəngli bayrağımızın Xudafərin körpüsündə qaldırılması Azərbaycan xalqına sonsuz qürur, sevinc, fəxarət bəxş etdi. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərinin azad edilməsi həm də milli qürur məsələsi idi. Təsadüfi deyil ki, Xudafərinin azad edilməsi əməliyyatını və bayrağın ucaldılması mərasimini çoxsaylı güneyli qardaş və bacılarımız da Arazın o tayından gözyaşları və sevinc içərisində izlədilər.

Qeyd edək ki, iki Xudafərin körpüsü var. Belə ki, tarixən Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri hesab edilib. Burada genişlənən çay yatağı iri qayalıq sahələrə malikdir. Körpülərin birləşdiyi hər iki sahil gözəl dağlıq ərazidir. Ehtimala görə, hər iki körpünün özülləri antik dövrə aiddir. Tarixi mənbələrə əsasən, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, körpü sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən həmin körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Üç-dörd ildən sonra körpünün min yaşı tamam olacaq.

Körpülərin ən böyüyü Cəbrayıl rayonunun Xudafərin kəndindədir. İndiki 15 aşırımlı körpü XII əsrin abidəsi sayılır. 15 aşırımlı körpüdən 750 metr qərbdə yerləşən digər körpü də Xudafərin adlanır. XIII əsrdə, Elxanilər dövründə tikilmiş həmin körpünün üç aşırımı qalıb. Bu 11 aşırımlı körpü daşdan inşa olunub və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Araşdırmaçıların fikrincə, bu körpü XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikilib. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 m, çay səviyyəsindən hündürlüyü 12 metrdir. 1930-cu illərədək nisbətən salamat qalmış ikinci körpü ilə azərbaycanlılar o taya-bu taya gedib gəlirmişlər. Həmin illərdə Azərbaycanın şimalı və cənubu arasında əlaqələri kəsmək üçün İran və keçmiş sovet dövlətinin birgə qərarı ilə körpünün sahil tağları dağıdılıb. Həmin vaxtdan yerli əhali körpüyə ikinci ad - Sınıq körpü adını verib.

Elmi mənbələrə görə, Xudafərin körpüsü Azərbaycanın tən ortasında yerləşir. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüləri Azərbaycan memarlıq məktəbinin əzəmətli abidəsidir və zaman-zaman dünyanın bir çox tarixçilərinin diqqətini özünə cəlb edib. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır. Tədqiqatçıların bir çoxunun fikrincə, körpülərin dayaqları çayın ortasındakı olan təbii sal daşlar üzərində qurulduğundan ona "Xudafərin" adı verilib. Bu körpülərin Azərbaycanın Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə də tarixi faktlar var.

2020-ci il oktyabrın 18-də müzəffər ordumuzun bölmələrinin şücaəti sayəsində uzun illər davam edən işğal tilsimi sındırıldı, Ermənistan ordusu torpaqlarımızdan qovuldu, silahlı müqavimət göstərən düşmən döyüş meydanında məhv edildi. Məhz həmin gün Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev növbəti müjdəli xəbəri xalqa çatdıraraq bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Bu şad xəbər ölkəmizdə çox böyük coşqu yaratdı və müstəqillik gününün ildönümü ilə Xudafərinin azad edilməsi günü bir-birinə qovuşdu. Xalqımızın çoxəsrlik tarixinə 18 oktyabr Xudafərinin erməni işğalından azad edilməsi günü kimi həkk edildi. Cəbrayıl rayonunun bir hissəsini və Xudafərin körpülərini yüksək peşəkarlıqla işğaldan azad edən hərbçilərin dediklərini həyəcansız dinləmək olmur. Onların necə böyük bir qəhrəmanlıq göstərdikləri gözlərimiz önündə yenidən canlanır. Vətən, millət belə oğullara əmanətdir, kirpiklərini qırpmadan düşmən üzərinə yeriyən, işğalçını döyüş mövqeyində məhv edən, al-qanları müqəddəs torpaqlarımıza qarışan igidlərin adları xalqımızın yaddaşında əbədi yaşayacaq.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrinin zabiti, kapitan Sənan Mirzəliyev Xudafərin körpüsünün azad edilməsi əməliyyatında iştirak edib. "Azərbaycan Bayrağı" ordenli igid zabitimiz danışır ki, Xudafərin istiqamətindəki yüksəkliklərdə düşmən qüvvələri yerləşirdi. Qarşımıza qoyulan tapşırıq belə idi ki, həmin yüksəklikləri azad etməliydik. Düşmənin müəyyən qruplarından yan keçərək bu yüksəkliklərdə yerləşdik. Orada mövqe tutanda gecə idi və gözləməyə başladıq. Həm də ərazinin müşahidəsini təşkil etdik. Qarşıda ermənilərin bir zastavası var idi və hava işıqlanandan sonra zastava istiqamətində irəliləməyə başladıq. Zastavanı götürdükdən sonra Araz kənarına doğru hərəkət etdik. Bəzi qruplarımız yüksəklikdən mühafizəni təşkil etdi və pusqu əməliyyatını icra etdilər. Biz də bu ərazidən düşməni qovub çıxardıq. Burada icra etdiyimiz əməliyyat uğurlu oldu. Həm ərazimizi azad etdik, həm də bu əraziyə itkisiz daxil olduq.

DSX-nin Çevik Hərəkat Qüvvələrinin zabiti, baş leytenant Elgün Ağayev isə həmin döyüşlər barədə xatirələrini bölüşərkən deyib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsini azad edəndən sonra Arazboyu əraziyə düşmək və Cəbrayılın Soltanlı kəndindən irəliləyərək düşmənin olduğu ərazilərə görünmədən sızmaq tapşırığı aldıq. Qrup halında, xüsusilə öndə dozor qrupu olaraq geridə gələn qrupların təhlükəsizliyini təmin etmək şərtilə düşmən ərazisinə sızmağa nail olduq. Müəyyən yüksəkliklərdə düşmənlər var idi və biz bunu bilirdik. 12 kilometrə yaxın dərinlikdən düşmən ərazisinə sızmağı bacardıq. Bu gözlənilməz addım onlar üçün əsl şok oldu. Müəyyən maneələr olsa da, onları ötüb keçə bildik. Ətraf ərazilərdəki silsilələrdə qərarlaşan düşmən təmizləndikdən sonra dövlət sərhədində lap əvvəldən mövcud olan zastavanı müşahidəyə aldıq və növbəti qrupların gəlməsini təmin etdik. Nəticədə zastava düşməndən tam təmizləndi. Onlar hər şeyi qoyub qaçmışdılar. Yerdə qalanlar isə məhv edilmişdi. Hakim yüksəkliklərdən Xudafərin körpüsünə doğru irəlilədik. Xudafərin körpüsünə və hakim yüksəkliklərə Azərbaycanın şanlı bayrağını sancdıq. Xudafərin körpüsünün azad olunması Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov tərəfindən Müzəffər Ali Baş Komandana məruzə olundu.

Sərhəd xidmətinin çevik hərəkat qüvvələrinin giziri Asif Məmmədov Hadrutu düşməndən azad etmək uğrunda gedən döyüşlərdə iştirak edib. Danışır ki, Hadrut işğalçılardan təmizləndikdən sonra Cəbrayıl istiqamətində hərəkətə başladıq və Şükürbəyli kəndində mövqe tutduq. Buradakı yüksəkliyi, strateji məntəqələri düşməndən azad etmək üçün bir yerdə düşməni və texnikasını pusquya saldıq. Onlar da kameralarla əraziyə nəzarət edirdilər. Həmin kameraları, düşmənin canlı qüvvəsini və texnikasını məhv etdik. Düşmən qüvvələrinin gücləndirilmiş rejimdə xidmət apardığı bir mövqeni gecə ərzində fasiləsiz müşahidə altında saxladıq. Səhəri gün burada əməliyyat aparıldı və düşmən məhv edildi. Dağın əks istiqamətindəki zastavada düşmən qüvvələri xidmət aparırdılar. Yüksəklik götürüləndən və ehtiyat qüvvələrimiz orada yerləşdirildikdən sonra həmin zastavaya hücum etdik. Bu əməliyyatın ən üstün cəhəti onun tam itkisiz icra olunması idi.

Gizir Asif Məmmədov bildirib ki, qürurverici hissdir ki, Xudafərin körpüsünün azad edilməsindən sonra buraya ilk ayaq basan şəxslərdən biri də mənəm. Müharibə torpaqlarımızı düşməndən azad etmək üçün çoxdan gözlədiyimiz an idi. Çox sevinirəm ki, bu, bizə qismət oldu. Torpaqlarımızın azadlığı uğrunda xeyli döyüş yoldaşımız şəhid oldu. Ərazilərimizi onların qanı-canı bahasına işğaldan azad etdik. Baş çavuş Rasim Qasımov danışır ki, çoxumuz Xudafərin körpüsünün şəklini kitablarda görmüşdük, taleyin qismətinə baxın ki, buranın azad edilməsində iştirak etdik. Cəbrayıla, Zəngilana, Xudafərinə ayaq basmaq çox gözəl hiss idi.

Qeyd edək ki, Azərbaycan sərhədçiləri 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən verilmiş döyüş tapşırıqlarını uğurla icra ediblər. Sərhədçilərimiz müharibənin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini düşmən tapdağından azad ediblər. Məhz sərhədçilərimiz 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək Ermənistan ordusunun yüzlərlə canlı qüvvəsini məhv edib, Xudafərin körpüsündə, Zəngilanın Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı ucaldıb, Ermənistanla sərhəddə "Bartaz" və "Şükürataz" strateji yüksəkliklərini azad ediblər.

İşğaldan azad edilən bütün ərazilərdə çox genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələr həyata keçirilir, şəhərlər və kəndlər salınır. Qeyd edək ki, hazırda Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi davam etdirilir. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman silahlı qüvvələrimiz Xudafərində min illik tariximizi işğalçılardan azad ediblər, Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək şanlı Qələbə qazanıblar. Xudafərin -  tariximizin, gücümüzün, gələcəyimizin rəmzidir.

Salman ALIOĞLU,

"Respublika".