Xoş xatirələrin işığında...
Sosial həyat

Xoş xatirələrin işığında...

1986-cı il 15 aprel. Moskva. Novodeviçye qəbiristanlığı. Hardansa, yaxınlıqda doğma bir melodiya eşidilir, ana dilimizdə kimsə asta-asta, aramla oxuyurdu:

Hər gecəm oldu kədər,

                           qüssə-fəlakət sənsiz,

Hər nəfəs çəkdim hədər

                           getdi, o saət sənsiz...

Müslüm idi, Zərifə xanımın məzarı başında, o böyük insanın ən sevimli mahnısı "Sənsiz"i oxuyan. Əliyevlər ailəsinin yaxın dostu, SSRİ Xalq artisti Müslüm Maqomayev illər sonra o hüznlü günü belə xatırlayırdı: "Zərifə xanımın həyatdan getməsinin bir ilini qeyd edəndə biz qəbir üstünə getdik. Heydər Əlirza oğlu məndən onun qəbrinin üstündə oxumağı xahiş etdi. Mən Zərifə xanımın çox sevdiyi Üzeyir bəy Hacıbəylinin "Sənsiz"ini astadan oxudum. Beləliklə, biz onunla bir daha vidalaşdıq (sonralar Heydər Əlirza oğlu onun nəşini Azərbaycana gətirdi, burada dəfn elədi).

Nikolay Dobronravovun sözlərinə "Elegiya" adlı mahnını mən Zərifə Əzizovnaya həsr etmişəm. Yadımdadır, mən  bu mahnını ilk dəfə televiziyada ifa edəndə Heydər Əlirza oğlu mənə zəng etdi: "Sən necə mahnı oxudun! Mən bu mahnını eşidəndə ağladım!" - demişdi...".

Zərifə Əliyeva: ürəklərdə əbədi yaşayan xoş bir xatirə. 1923-cü il 28 aprel. Bu xoşbəxt taleli insanın doğum günündən 100 il ötür. 62 yaşında bu dünyanı tərk edən Zərifə xanım artıq 38 ildir ki, xoş bir xatirəyə dönüb...

Akademik Zərifə Əliyeva hər şeydən əvvəl, görkəmli alim-oftalmoloqdur. Təkcə oftalmoloqmu?! O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Elmdə məqsədyönlü fəaliyyəti indi də insanı heyrətə gətirir. Axı, onun elmi fəaliyyətinin əsas istiqaməti görmə orqanının peşə patologiyasının müəyyənləşdirilməsi kimi mühüm sahəyə yönəlmişdi. O vaxtlar bu problemin həllinə çoxları girişə bilməmişdi. Çünki elmin bu sahəsi olduqca ağırdır və onun  araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi bilgilər tələb edir. Üstəlik, yüksək təşkilatçılıq bacarığı da vacibdir. Zərifə xanım Əliyevaya məhz bütün bu keyfiyyətlər xas idi.

Ümummilli liderin həyatından bəhs edən "Heydər Əliyev: Tale yolları" kitabının müəllifi Nikolay Zenkoviç Zərifə xanımın təvazökarlığından, mehribanlığından, yüksək keyfiyyətlərindən, mənəvi zənginliyindən də bəhs edir: "Mən Siyasi Büro üzvlərinin arvadları barədə bioqrafik məlumatları diqqətlə araşdırmışam, müqayisə  etmişəm. Hansı nəticəyə gəlmişəm. Aydın olub ki, onlar arasında ən savadlı qadın Siyasi Büro üzvü Heydər Əliyevin xanımı olub. O, hətta Sov. İKP MK baş katibinin arvadı Raisa Maksimovnadan da savadlı idi. Özü də təkcə savadlı yox, Zərifə xanım hərtərəfli bir şəxsiyyət idi...".

Hələ 1976-cı ildə Helmqolts adına İnstitutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün etdiyi dissertasiya müdafiəsini indi də həmkarları böyük rəğbətlə xatırlayır və öz xatirələrində qeyd edirlər ki, əgər əcəl Zərifə xanıma bir neçə il də möhlət versəydi, o, elm aləmində yeni bir istiqamətin yaradıcısı və rəhbəri ola bilərdi.

Geniş dünyagörüşə malik şəxsiyyət kimi tanınan Zərifə xanım görkəmli oftalmoloq-alim olmaqla bərabər, həm də ədəbiyyatı, incəsənəti gözəl bilirdi. O, fortepiano üzrə musiqi təhsili almışdı, kolleqaları onun ifasında həm klassik, həm də populyar musiqiləri tez-tez eşidirdilər. Çünki Zərifə xanım çalışdığı kollektivlə tez-tez bir yerə yığışar, ad günlərini, övladlarının  uğurlarını birgə qeyd edərdilər. O, ailədə də belə idi. Royalın ağ, qara şırmayı dillərini tez-tez dilləndirər, bu işdə ona ömür-gün yoldaşı Heydər Əliyev də dəstək olardı. Sevimli mahnılarını birgə ifa edərdilər...

Zərifə xanım gözəl natiq idi. Azərbaycanın Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında oxuduğu mühazirələr, Oftalmoloqlar Cəmiyyətinin qurultay və plenumlarında, Moskva Oftalmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də publisistik çıxışlarında Zərifə Əliyeva özünün yüksək natiqlik istedadını göstərirdi.

Yüksək həkimlik etikasının təmsilçisi olan Zərifə xanım insan sağlamlığını ictimai sərvət, insanların gözünə nur vermək kimi müqəddəs bir işi isə bəşəri humanizm hesab edirdi. O, öz həmkarlarına həmişə deyirdi ki, insana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq həm də onu özünə qaytaran əsl humanist xidmətdir. Bu, Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi idi - insanı sağaltmaqla onu öz məninə qaytarmaq. Bu baxımdan, yüksək peşəkarlığı ilə həmkarları arasında seçilən Zərifə xanım xüsusilə gənclərə təlqin edirdi ki, əxlaqi-tibbi düşüncə "sənəti"ni dərk etmək üçün ilk növbədə, sağlam mənəvi-intellektual mühit, bütün tibb ictimaiyyətinin mənəvi-əxlaqi meyarlara yiyələnməsi tələb olunur. Həkimin başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmaq, onun şəxsiyyətinə dərin ehtiram göstərməkdir. O, özü bir nümunə idi.

Professor Zəhra Quliyevanın aşağıdakı fikirləri də dediklərimizi təsdiq edir. O yazırdı: "Bilirsiniz, yaxşı həkim olmaq və eyni zamanda yaxşı insan olmaq xüsusi məna daşıyır. Onu tanıyanlar, ona müraciət edən pasiyentlər təsdiq edə bilərlər ki, onun necə böyük ürəyi vardı, o necə sadə insan idi. Xəstələrinin çoxu bilmirdi ki, o, respublikanın rəhbəri Heydər Əliyevin həyat yoldaşıdır. Onun özü də bunu hiss etdirmək, nəzərə çarpdırmaq istəmirdi. Bütün xəstələr onu şəxsiyyət kimi sevirdilər...".

Onu hamı mərhəmət ünvanı kimi də tanıyırdı. Kimsənin xətrinə dəyməz, onun mərhəmətinə pənah gətirənləri ümidsiz qaytarmazdı. İşinin gərginliyinə baxmayaraq, həmişə bir qadın olaraq qalmağı bacarır, ailəsinə dayaq olurdu. Qayğıkeş ana idi. Prezident İlham Əliyevin biologiya  müəllimi Emma Kazımova öz xatirələrində yazırdı: "... Bir dəfə gördüm ki, Zərifə xanım dəhlizdə İlhamın ayaqqabısının bağını bərkidir. Onda o, birinci sinifdə oxuyurdu. Mən ərklə Zərifə xanıma dedim: "Zərifə xanım, İlhamın ayaqqabısının bağını siz niyə bağlayırsınız, böyük oğlandır, qoyun özü bağlasın". Olduqca mehriban, səmimi, mələk üzlü Zərifə xanım gülüb dedi: "...İlhamın belə görünməyinə baxmayın, onun hələ məktəb yaşı çatmır. Sinif yoldaşlarının hamısından kiçikdir...". Zərifə xanım uşaqlarını aşağı sinifdə oxuyanda məktəbə özü gətirir, özü də gəlib aparırdı. Çox sadə, səmimi, ziyalı bir xanım idi. Özünü başqa valideynlərdən qətiyyən fərqləndirmirdi".

Sadəlik mücəssəməsi idi Zərifə xanım. Bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmişdi. Hamı ictimai xadim kimi də onun fəaliyyətini dəyərləndirir, Azərbaycan dövlətçiliyində birinci xanım ənənələrinin formalaşma tarixinin tədqiqinə meyil göstərən araşdırmaçılar bu ənənələrin təzahürlərini daha çox Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyini əhatə edən dövrdə axtarmağa çalışırlar. Çünki nə ümummilli lider Heydər Əliyevə qədər, nə də ondan sonra Azərbaycana rəhbərlik edən şəxslərin həyat yoldaşlarının ictimai fəaliyyəti Azərbaycan dövlətçiliyində birinci xanım ənənələrinin təşəkkülü və inkişafı ilə bağlı hər hansı faktı diqqətə çatdırmır. Bu baxımdan, Zərifə xanım Əliyevanın ictimai fəaliyyəti ilə bağlı zəngin faktlar istisna sayıla bilər. Sovet idarəçilik sistemi birinci xanım anlayışını qəbul etmədiyindən, Zərifə xanımın ictimai fəaliyyəti onun bir alim kimi cəmiyyətdə böyük nüfuzundan, dünya şöhrətindən irəli gəlirdi. Azərbaycanda birinci xanım ənənələrinin formalaşmasına gəlincə isə taleyin xoş bir qanunauyğunluğu bunu Zərifə xanım Əliyevanın həyat məktəbindən öyrənən, bu nəcib irsin daşıyıcısı olan şəxsə nəsib edəcəkmiş...

Zümrüd QURBANQIZI,

"Respublika".