Xoş müjdəli savaşa aparan - barıt qoxulu o yollar...
Region

Xoş müjdəli savaşa aparan - barıt qoxulu o yollar...

Şəhriyar İsmayılzadə Şirvan şəhərinin Hacı Qəhrəmanlı qəsəbəsində öz halal zəhməti ilə yaşayan Əkbər İsmayılzadənin ailəsində dünyaya göz açmışdı. Təhsil aldığı 12 saylı orta məktəbdə müəllimləri Şəhriyardan razılıq edir, onun gələcəkdə layiqli vətəndaş kimi elə-obaya gərəkli övlad olacağına dərin inam bəsləyirdilər. Şəhriyar çox keçmədi ki, ona inananların inamını doğrultdu. Hərbi xidmətdə olarkən hərbi hissənin rəhbərliyi tərəfindən istər Şəhriyar İsmayılzadənin ailəsinə, istər 12 saylı orta məktəbə göndərilən təşəkkür məktubları valideynlərinə, müəllimlərinə sevinc, fərəh bəxş elədi. Hərbi xidməti başa vurub gələcək həyatını müəyyən etmək fikri ilə  yaşayan Şəhriyar  keçən ilin 27 sentyabrında Qarabağ uğrunda ikinci Vətən müharibəsi  xəbərini eşidib elə ilk gün könüllü olaraq ordu sıralarına yollananlardan biri oldu. Zəngilan, Füzuli, Qubadlı, Şuşa şəhərləri uğrunda qəhrəmancasına döyüşdü. Əsgəri xidmət zamanı əldə elədiyi döyüş bacarığı, hərbi təcrübə amansız düşmənlə mübarizədə köməkçisi oldu. Komandirlərin əmrini sözsüz, tam ləyaqətlə yerinə yetirməklə yanaşı, neçə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarıb onların həyatını xilas elədi. Şuşa uğrunda gedən döyüşlərdə isə şəhadətə yüksəldi. Azərbaycan xalqının elliklə Qələbə gününü qeyd elədiyi 10 noyabrda Şəhriyar İsmayılzadə böyük izdihamla  Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olundu. Ölkə başçısının Sərəncamı ilə Şəhriyar Əkbər oğlu İsmayılzadə “Vətən uğrunda” medalı ilə təltif edildi.

Bu günlərdə Şəhriyarın doğum günü təntənəli şəkildə qeyd olundu. Şirvan Şəhər İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək Şəhriyarın məzarını ziyarət etdilər. Ziyarətçilər Hacı Qəhrəmanlı qəsəbəsində Şəhriyar İsmayılzadənin yaşadığı evin həyətinə toplaşdılar. Atası Əkbər kişi, anası Fatma xanım evin yaxınlığında yaradılan xatirə lövhəsini açıb ziyarət iştirakçılarına öz minnətdarlıqlarını bildirdilər. Əməkdar müəllim Həsənpaşa Tahirov, tarix müəllimi Töhfə Cəlilova, şəhidin döyüş yoldaşları, qonşu Hacıqabul rayonundan gəlmiş şəhid valideynləri çıxış edib 44 günlük Vətən müharibəsində canını şanlı Qələbəmizə fəda etmiş igid oğullarımızın xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.

Hacı Qəhrəmanlı qəsəbəsindəki 12 saylı orta məktəbin şagirdləri Şəhriyar İsmayılzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Şəhid Şəhriyarın çox sevdiyi mahnının sədaları ətrafa yayıldı:

             Barıt qoxulu o yollar, o yollar

             Səni bəs nə vaxt qaytarar...

                                             Tofiq HÜSEYN,

                                            “Respublika”.