Xocavənddə aşkarlanan kütləvi məzarlıqda 15-20 azərbaycanlının basdırıldığı ehtimal olunur
MÜSAHİBƏLƏR

Xocavənddə aşkarlanan kütləvi məzarlıqda 15-20 azərbaycanlının basdırıldığı ehtimal olunur

Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıqda ermənilər tərəfindən 15-20 azərbaycanlının basdırıldığı ehtimal olunur.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılov deyib.

O bildirib ki, Komissiyada toplanmış materiallara, şahid ifadələrinə əsasən, azad olunmuş rayonlarımızda, xüsusən Xocavənd, Ağdam və Füzuli ərazilərində bir çox kütləvi və fərdi məzarlıqların olması barədə məlumat mövcuddur: "Xocavəndin Edilli kəndində kütləvi məzarlığın olması da bu məlumatlar sırasında idi. Şahid ifadələrinin və materialların təhlili nəticəsində bura baxış keçirildi və Prezidentin göstərişinə əsasən yaradılmış İşçi qrupunun mütəxəssisləri tərəfindən məzarlıq aşkarlandı. Məzarlıq fevralın 23-də açılıb. Hazırda mütəxəssislər burada çalışırlar. Şahidlərin ifadələrinə görə, burada 3 metr dərinlikdə 15-20 cəsəd basdırılıb. Üst hissədə 4-5 nəfərin cəsədi görünsə də, torpağın altında da cəsədlərin olması ehtimalı var. Cəsədlər eskumasiya olunduqdan sonra aidiyyəti qurumlara təhvil veriləcək".

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi dövründə 3890 itkin qeydiyyata alınıb. 3079 itkinin ailəsindən DNT nümunələri götürülüb və bu proses bu ilin avqustunda başa çatdırılacaq.

AZƏRTAC