Xocavənd rayonu ərazisində partlayıcı qurğular aşkarlanıb
Məlumat

Xocavənd rayonu ərazisində partlayıcı qurğular aşkarlanıb

Xocavənd rayonu ərazisində 4 körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kiloqramdan çox trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyənləşdirilib.

Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kiloqramlıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

Aşkarlanan partlayıcı qurğular ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək ərazilərin təhlükəsizliyi təmin edilib.