Xocavənd: bu yerlərə firavanlıq, xoşbəxt həyat qayıdır
Region

Xocavənd: bu yerlərə firavanlıq, xoşbəxt həyat qayıdır

Qırx dörd gün davam edən Vətən müharibəsi dövlətimizin gücünü, Silahlı Qüvvələrimizin rəşadətini, xalqımızın birliyini, ölkəmizin hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Otuz ilə yaxın erməni işğalı ilə barışmayan xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, düşmənə sarsıdıcı zərbələr endirildi, Ermənistanın hərbi texnikaları döyüş meydanında məhv edildi və qəhrəman silahlı qüvvələrimizin bölmələrinin şücaəti ilə xain düşmən torpaqlarımızdan qovuldu. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, müharibənin hər bir günü bizim yaddaşımız, kədərimiz, eyni zamanda qürurumuzdur. Ordumuzun qeyrətli, vətənpərvər, qəhrəman oğulları, cəsur, cəngavər əsgərləri, zabitləri, istehkamçıları, hava hücumundan müdafiə qüvvələrinin bölmələri Ali Baş Komandanın rəhbərliyi ilə illərdir həsrət qaldığımız bölgələrimizi, kəndlərimizi, qəsəbələrimizi, qədim yurd yerlərimizi, dağlarımızı, meşələrimizi, çöllərimizi öz canları, qanları bahasına azad etdilər. Həmin yurd yerlərindən biri də Xocavənddir. 2020-ci il oktyabrın 9-da Müzəffər Ordumuzun bölmələri uğurlu hərbi əməliyyat keçirərək Xocavənd rayonunun Hadrut qəsəbəsini və rayonun 35 kəndini Ermənistanın işğalından azad etdi.

Qeyd edək ki, Xocavənd rayonu 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Xocavənd rayonu ilə Bakı şəhəri arasındakı məsafə 334 kilometrdir. Əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olan Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl və Xocalı rayonları ilə həmsərhəddir. Qədim tarixi olan yurd yerimizdə əsrlərdən bəri yerli əhali bu bərəkətli torpaqlarda bağ salaraq təsərrüfat işləri ilə məşğul olub. Rayon Ağdam-Füzuli avtomobil yolunun kənarında, dağətəyi düzənlikdə yerləşir.

Tarixi mənbələrə görə ermənilər Azərbaycan ərazilərinə təxminən iki yüz il bundan əvvəl köçürülüblər. Erməninin Vətəni və torpağı olmayıb. On doqquzuncu əsrin əvvəllərində İrandan Azərbaycana köçürülən ermənilər torpaqlarımızın ən səfalı guşələrində məskunlaşıblar. Xüsusilə, Qarabağa köçürülən ermənilər yalnız dağlıq və dağətəyi ərazilərdə kənd salıblar, ən əsası isə tarixi abidələrin daha çox olduğu Xocavənddə, Ağdərədə, Əsgəranda və Xankəndidə yaşamağa üstünlük veriblər. Artıb törədikcə pənah gətirdikləri torpaqlara göz dikiblər, yer-yurd adlarımızı zaman-zaman erməniləşdirib, saxta erməni tarixi yaratmağa cəhd edərək toponimlərimizi, yer adlarını dəyişiblər.

Ermənistan silahlı qüvvələri 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndlərini, noyabrın 19-da Xocavənd kəndini, 1992-ci il yanvarın 9-da Axullu kəndini işğal edib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Xocavənd rayonunun mərkəzi isə 2 oktyabr 1992-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

İki il bundan əvvəl, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Müharibənin ilk günlərindən başlayaraq, qəhrəman ordumuzun şəxsi heyəti, tank və raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv etdilər. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edirdi. Müharibənin gedişində Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, işğaldan azad edilən ərazilər haqqında təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri, əldə edilən qələbələr barədə operativ məlumatlar şəxsi heyətin və mülki əhalinin ruh yüksəkliyinə səbəb olurdu.

İki il bundan əvvəl ordumuzun şücaəti ilə qazanılan Hadrut qələbəsi Ermənistan silahlı qüvvələrinin belini qırdı, onlarla hərbi texnikası, yüzlərlə döyüşçüsü məhv edildi. Hadrut Qarabağın ən dilbər guşələrindən biri, Azərbaycanın ən böyük təbii sərvətidir. Məlumat üçün bildirək ki, Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının ətəklərində yerləşir. Hadrut sözü iki çayın arası mənasını daşıyır. Quzeyçay və Güneyçay Hadrutun ərazisində birləşir. Tarixi mənbələrə görə, 1727-ci ildə Osmanlı qaynaqlarında Hadrut Dizaq nahiyyəsinin kəndi kimi qeyd olunub. 1877-ci ildə Hadrutda baramaaçma karxanası fəaliyyət göstərib, iki bazar olub, teleqraf stansiyası əhaliyə xidmət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində işğaldan azad olunmuş Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etmiş, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, işğaldan azad edilən əraziləri gəzib, qədim Azıx mağarasına baş çəkib. Həmin görüşdə Prezident bildirib ki, Ermənistan təbliğatı istər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb.

2021-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada komando hərbi hissəsinin açılışında iştirak etdilər. Dövlətimizin başçısı hərbi hissənin açılışı zamanı çıxışında bildirib ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur.

Ana təbiətin möcüzəsi sayılan Hadrutda bərpa və yenidənqurma işlərinə başlanılıb. Hadrutda bir sıra obyektlərin təməlini qoyan Prezident bildirib ki, dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, "Hadrut" yarımstansiyası və məscid tikiləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq.

Ən iri infrastruktur layihələrindən biri olan Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və süni qurğuların inşaat işləri gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Onu da qeyd edək ki, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Xocavənd rayonunda da möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara firavan və xoşbəxt həyat qayıdır.

Salman ALIOĞLU,

"Respublika".