Xocalıya ədalət istəyirik!..
Tarix

Xocalıya ədalət istəyirik!..

Teleekranda kadrlar dəyişir, görüntülər insanı vahiməyə salır. Bir-birinin yanına sərilmiş meyitlər tanınmaz hala salınmışdı, kimliklərini belə müəyyən etmək çətin idi. Çölün düzünə səpələnmiş cəsədlər helikopterə yığılırdı... O zaman mərhum telejurnalist Çingizin göz yaşları ilə çəkdiyi kadrları görən insan indi də belə bir ədalətsiz dünyada yaşamağından, sadəcə utanc hissi keçirir. Bütün bunların qorxulu bir film deyil, həqiqət olduğunu düşünəndə, onu törədənlərin hələ də şad-xürrəm yaşayıb, cəzasız qaldıqlarını biləndə hansısa hüquq, ədalət məhkəməsindən yox, yalnız Tanrıdan kömək diləyirsən, çünki ən gözəl hakim elə onun özüdür... O kadrlar düz 31 il əvvəl çəkilib...

Hər bir millətin tarixində unudulmaz hadisələr olur. Elə tarix, elə hadisə var ki, onları yaddan çıxarmağa haqqımız yoxdur.

1992-ci il 26 fevral. Xocalı faciəsi xalqımızın müstəqillik uğrunda mücadiləsini, milli  azadlıq hərəkatını elə beşiyindəcə boğmaq məqsədilə törədilən 20 Yanvar faciəsinin davamı idi. Xocalı soyqırımı bəşəriyyətin ən dəhşətli faciələri ilə bərabər tutulur.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə start verilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri, nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş keçmiş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyırdı. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqavimət nümayiş etdirməyə, Xocalı soyqırımının qurbanları ilə həmrəylik ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdi. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını, ona hüquqi və siyasi qiymətin verilməsini, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını, erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən tez bir zamanda çıxarılmasının zəruriliyi barədə dünya ictimaiyyətinin məlumatlandırılmasını və s. məsələləri strateji məqsəd kimi qarşıya qoymuşdu kampaniya. "Xocalıya ədalət, Qarabağa azadlıq" istəyirdi bu kampaniyaya qoşulanlar.

Nədir ədalət? Ədalət kiminsə haqqını tapdalamamaq, sülhün təminatçısı olmaq, bir ölkənin, bir xalqın tarixinə ləkə gətirməmək, özgəsinin torpağına göz dikməmək, onu yerlə-yeksan etməməkdir. İnsanların üzündəki təbəssümü elə yerindəcə dondurmamaq, uşaqları gözüyaşlı qoymamaqdı ədalət. Dünyanın harasında olursa-olsun orada müharibəyə son qoymaq, insanları dininə görə güllə qabağına verməməkdi ədalət. Ədalət təbiətin, insanların yaratdıqlarını qorumaqdı, təbiətin gözəlliyinə qıymamaq, qərənfili ağlatmamaq, xarıbülbülün bağrını qana döndərməmək, badam çiçəyinin ləçəklərinin sırasını pozmamaqdı... ədalət.

Qışın ortasında belə şaxtaya meydan oxuyar, üzərinə düşən qar lopalarından, qışın sərt soyuğundan da qorxmaz badam çiçəyi, çünki həyat eşqi güclüdür. Mübariz, mətanətli, ədalətlidir badam ağacı, onun çiçəyi. Bəlkə elə buna görə "Xocalıya ədalət!" kampaniyasının simvolu kimi seçilmişdi badam çiçəyi. Dünyanın laqeyd qaldığı, görmək, tanımaq istəmədiyi faciəyə ədalət istəyirdi badam çiçəyi...

Bəs Xocalı qırğını necə qarşılandı? Jurnalist Tomas de Vaal qeyd edirdi ki, Ayaz Mütəllibov öz siyasi opponentlərini bu hadisələrə görə ittiham edib, lakin sonra öz bəyanatından geri çəkilib. Azərbaycan parlamentinin martın 3-də keçirdiyi iclasda müxalifətçi deputatlar teleoperator Çingiz Mustafayevin çəkdiyi filmi nümayiş etdirməyi tələb etdilər. O dəhşətli kadrlar hər kəsi sarsıtdı. Martın 6-da müxalifətin ultimatumundan sonra Mütəllibov istefa verdi.

Qondarma DQR-in Ali Soveti Xocalıya hücum zamanı qəddarlıq hallarına görə təəssüfləndiyini bildirən bəyanat verdi, lakin cinayətin təhqiqatının aparılması ilə bağlı heç bir səy göstərmədi. Rəsmilər "Memorial" müşahidəçiləri ilə söhbətləri zamanı Ermənistanın silahlı dəstələrinin tərkibində qohumları azərbaycanlılar tərəfindən öldürülən acıqlı şəxslər, həmçinin cinayətkar keçmişə malik insan olduğundan Xocalının işğalı zamanı vəhşiliklərə yol verildiyini inkar etmədi.

Terrorçu Monte Melkonyana həsr etdiyi kitabında müəllif Markar Melkonyan qardaşının qəhrəmanlığından yazaraq göstərir ki, "şəhər strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur". O, "Arabo" və "Aramo" adlı iki erməni dəstəsinin qırğındakı rolunu xüsusilə vurğulayır və onların Xocalı sakinlərini nə cür qəddarlıqla öldürdüklərini təfərrüatı ilə təsvir edir.

Yazıçı-jurnalist David Xerdiyan "Xaç uğrunda" adlı kitabında Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri fəxrlə xatırlayır.

Yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı...".

31 ildir ki, Xocalı faciəsini dünyaya tanıtdırmağa çalışırıq. Axı, nəyi? Bu qədər faktlar, məlumatlar, dəlillər varkən hansısa sübuta ehtiyac varmı? Məşhur fotoqraf Reza Deqati 1990-cı illərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla məşğuldur, elə Xocalı faciəsini də həmçinin. 31 il... az müddət deyil... Düşünürsən, dünya bu qədər korafəhimdir ki, deyilənlərin, yazılanların, hər anı əbədiləşdirən fotoların nə demək istədiyini anlamır? Ancaq anlayacaqlar, haqq savaşımızı, ana südü qədər halal qələbəmizi, bu xalqın mübarizliyini və bir də ədalət carçısı olduğunu anladıqları kimi... Hələlik isə biz Xocalıya ədalət istəyirik!..

Zümrüd QURBANQIZI,

"Respublika".