Xocalının şəhid Milli qəhrəmanları
Sosial həyat

Xocalının şəhid Milli qəhrəmanları

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücuma keçdi və dinc əhaliyə misli görünməmiş qəddarlıq etdi. Soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Novruzov Ələsgər Xanlar oğlu 1949-cu il avqustun 1-də Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. O, 1966-cı ildə Kürdhacı kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, 1968-1970-ci illərdə Ermənistanda hərbi xidmətdə olmuşdur. 1971-1973-cü illərdə Şuşa Pedaqoji Texnikumunda təhsil almış və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnmişdir.

Ələsgər Novruzov əvvəlcə öz doğma kəndindəki orta məktəbdə ixtisası üzrə müəllim işləmiş və 1979-cu ildə Xocalıdakı 1 saylı məktəbdə fəaliyyətini davam etdirmişdir. O, əmək fəaliyyətinə başladığı ilk günlərdən uşaq və gənclərdə idmana marağı artırmışdır.

1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücum edərkən Ələsgər Novruzov döyüş yoldaşları ilə birlikdə 300 nəfərə yaxın əhalini erməni quldurlarının əlindən sağ-salamat qurtarmışdılar. O, Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və 1991-ci ildə Xankəndiyə gedən yolun bağlanmasında və 20-yə qədər erməni yaraqlısının məhv edilməsində yaxından iştirak etmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ələsgər Novruzov və onun döyüşçü yoldaşları bir addım da olsun geri çəkilməmiş və səhərə qədər düşmənlə qəhrəmancasına döyüşmüşlər. Lakin erməni quldurlarının atdığı güllələr onun həyatına son qoydu və şəhidlik zirvəsinə yüksəldi. O, doğulub boya-başa çatdığı Laçın rayonunun Kürdhacı kəndində dəfn edilib. Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Rüstəmov Füzuli Salah oğlu 25 dekabr 1965-ci ildə Tərtər rayonunun Hüsənli kəndində anadan olmuş, ata və anasını erkən itirmişdi. O, 1978-ci ildən Xocalıda babası Kərimin və nənəsi Tamaşanın himayəsində yaşamış və burada da səkkizillik məktəbi bitirmişdi. Ailəsinin ağır şəraitdə yaşaması, onu erkən yaşlarından işləməyə məcbur etmişdi.

Füzuli Rüstəmov 1983-cü ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılmış və xidmətini başa vurub, Xocalıya qayıtmışdı. O, əvvəlcə Xocalı üzümçülük sovxozunda, 1990-cı ildən isə toxuculuq fabrikində işləyirdi. 1988-ci ildə erməni quldurları torpaqlarımıza basqın etdilər. Onlar dinc əhalini vəhşicəsinə qətlə yetirir, yurd yerlərimizi işğal edirdilər.

 Xocalı əhalisi Dağlıq Qarabağ hadisələri başlayan ilk gündən mübarizəyə qalxdı və 1989-cu ilin iyun ayında erməni postuna hücum edərək oranı dağıtdılar. Buna görə də Füzuli ilə yanaşı, bir qrup şəxsə 4 ay həbs cəzası verdilər. 1990-cı ildə erməni yaraqlılarının qarşısını almaq üçün könüllülərdən ibarət qrup yaradıldı. F.Rüstəmov Xocalı özünümüdafiə dəstəsi yaradılanda əvvəlcə həmin dəstədə, sonra isə hərbi batalyonda xidmətini davam etmişdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə rus alayının zirehli texnikası, onun arxasınca isə ermənilər Xocalıya hücum etdilər. Şəhərin qəhrəman müdafiəçiləri düşmənə inadlı müqavimət göstərdilər. Düşmənlər şəhərə daxil olduqdan sonra da hər küçə, ev uğrunda döyüşlər davam edirdi. Xocalılar hər qarış Vətən torpağını qəhrəmanlıqla qoruyurdular. Erməni quldurları məhəllə və evlərin müdafiəçilərini güllələyir, evlərdə əllərinə keçən hər nə varsa hamısını qarət edirdi. Sağ qalanlar özlərini Ağdama çatdırmaq üçün yaxındakı meşəyə qaçırdılar. Qarlı qış gecəsində onların bir hissəsi soyuqdan donaraq öldü. Sağ qalanlar isə Ağdam yolunda düşmən pusqusuna düşdülər. Ermənilər onları vəhşicəsinə güllələdilər. Füzuli həmin gecə əlində silah xocalılıları Şelli camaatına təhvil verib, geri qayıdırdı. O, Xocalı soyqırımı zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində böyük hünər göstərmiş və özü düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur. O, Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycanın Milli Qəhrəmanı "Qızıl ulduz" medalını onun bacısı Füqurə Rüstəmovaya təqdim etmişdir.

Kamil İSMAYIL,

"Respublika".