XOCALI soyqırımının hüquqi aspektləri
Tarix

XOCALI soyqırımının hüquqi aspektləri

Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdən biri də Xocalı soyqırımıdır. Ermənilər düşünülmüş şəkildə azərbaycanlılara qarşı hələ ötən əsrin əvvəllərindən başlayaraq kütləvi qırğınlar həyata keçirmişlər. Çoxsaylı arxiv sənədləri sübut edir ki, erməni millətçiləri tərəfindən 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından deportasiya olunmuş və kütləvi qırğına məruz qalmışdır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində dinc əhalini xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirmişlər. Bir gecənin içində Xocalı şəhəri yerlə-yeksan edilmiş, yaşlı, qadın və uşaqlara amansız divan tutulmuşdur.  

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı aktı ilə bağlı müvafiq qərarlar qəbul edilir. Artıq bir sıra ölkələrin parlamentlərində, habelə ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımının tanınması ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur. Leyla Əliyevanın təşəbbüsü ilə çəkilmiş "Sonsuz dəhliz" sənədli filmi isə Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinin daha dolğun məlumat almasına xidmət edir. Premyerası Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında keçirilmiş sənədli filmdə  jurnalistlər - Riçardas Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır.

Xocalıda törədilmiş qətliamın əvvəlcədən düşünülmüş qaydada, milli, irqi, etnik və ya dini əlamətlərinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi onun həm beynəlxalq hüquqa, həm də milli cinayət qanunvericiliyimizə əsasən məhz soyqırımı olduğunu sübut edir. Beynəlxalq hüquqa görə, soyqırımı təcavüz, insanlıq əleyhinə və müharibə cinayətləri ilə yanaşı, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayətlər sisteminə aid edilir.

Soyqırımı cinayətinin tərkibi bir sıra beynəlxalq hüquqi aktlarda müəyyənləşdirilmişdir. İkinci Dünya müharibəsi illərində beynəlxalq cinayətlər törətmiş şəxsləri mühakimə etmək üçün yaradılmış ilk beynəlxalq məhkəmə orqanı olan Nürnberq hərbi tribunalının Nizamnaməsində birbaşa "soyqırımı" termini işlədilməsə də, bu cinayətin tərkibini təşkil edən əlamətlər insanlıq əleyhinə cinayətlərin sırasında xüsusi olaraq qeyd edilir və faktiki Nürnberq hərbi tribunalı İkinci Dünya müharibəsinin əsas cinayətkarlarını məhz bu cinayətə görə mühakimə edirdi. Bu amildən çıxış edərək o, dövrün  görkəmli siyasi xadimlərindən olan Uinston Çörçill soyqırımı cinayətini "adı olmayan cinayət" ("crime without a name") adlandırmışdır. 

Soyqırımı cinayətinin əsas tərkib əlamətlərinin sırasında xüsusi niyyətin olması bu əməli digər beynəlxalq cinayətlərdən və qəsdən adamöldürmədən fərqləndirir. BMT Baş Assambleyasının 11 dekabr 1946-cı il tarixli qətnaməsində soyqırımı beynəlxalq hüquq normalarını pozan, BMT-nin ruhuna və məqsədlərinə zidd cinayət kimi elan edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyanın preambulasında soyqırımının bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyi və bəşəriyyəti bu mənfur bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyi nəzərə alınaraq Konvensiya qəbul olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlərdir: bu cür qrup üzvlərinin öldürülməsi; belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud bir qisminin fiziki məhvini nəzərdə tutan tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Analoji müddəalar Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində (müvafiq olaraq 4-cü və 3-cü maddələr), Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (6-cı maddə) və bəzi dövlətlərin cinayət qanunvericiliyində əks olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərərvurma və ya onların əqli qabiliyyətinə ciddi zərərvurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə soyqırımı kimi tövsif edilir.

Konvensiyanın iştirakçı dövlətləri sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımını beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq etmiş və cinayətin qarşısını almağı və törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Konvensiyaya əsasən soyqırımı törətmək məqsədilə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımına cəhd, soyqırımında iştirak etmək əməlləri cəzalandırılır. Soyqırımı cinayətinə görə, məsuliyyət universal olduğundan bununla bağlı digər dövlətlər də müvafiq tədbirlər görə bilərlər. Belə ki, Konvensiyanın əsasında duran prinsiplər BMT Beynəlxalq Məhkəməsi tərəfindən bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanınmışdır. Konvensiyada qeyd edilir ki, soyqırımı həyata keçirmiş şəxslər konstitusiyaya görə vəzifəsindən asılı olmayaraq cəzalandırılmalıdırlar. Soyqırımı cinayətini törətmiş şəxslərin cəzalandırılması mütləqdir. Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı-dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Həmin şəxslər ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. Soyqırımı cinayəti törətməkdə təqsirli bilinən şəxslərin ekstradisiyasına gəlincə isə Konvensiyaya əsasən, belə şəxslərin təhvil verilməsinə münasibətdə soyqırımı siyasi cinayət sayılmır. Deməli, soyqırımı cinayətini törətmiş şəxslərə sığınacaq hüququ şamil edilmir. Onu da qeyd etmək lazımdır ki, 26 noyabr 1968-ci il tarixli "Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq soyqırımı cinayəti törətmiş şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb edilsinlər. Yeri gəlmişkən, 12 may 2006-cı ildə "Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.

BMT Baş Assambleyasının 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş "Hərbi cinayətlərin, bəşəriyyətə qarşı cinayətlərin törədilməsində təqsiri olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsipləri"nə müvafiq olaraq, hərbi cinayətlərin, bəşəriyyətə qarşı cinayətlərin törədilməsində təqsiri olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət vardır. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər vaxtından və harada törədilməsindən asılı olmayaraq tədqiq edilməli, belə cinayətləri törətdikləri barəsində dəlillər olan şəxslər isə axtarılmalı, həbs edilməli, məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdırlar.

Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisinə qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət - soyqırımı kimi qiymətləndirilməlidir. Beynəlxalq hüquqa əsasən soyqırımı törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Müvafiq olaraq, azərbaycanlılara qarşı soyqırımı törətmiş şəxslər, vəzifəsindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb edilməli və səlahiyyətli dövlətdaxili məhkəmədə, beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. Həmçinin, soyqırımı cinayətini törətmiş şəxsləri dəstəkləyən və soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövləti beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməlidir. Xocalıda törədilən soyqırımı genişmiqyaslı hərbi əməliyyatın tərkib hissəsi kimi çıxış edir. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin ifadəsini xatırlatmaq yerinə düşərdi: "Soyqırımı strategiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsinə çevrilmişdir".

Göründüyü kimi, Xocalıda törədilmiş cinayət əməllərinin soyqırımı kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi əsas vardır. Azərbaycana qarşı törədilmiş cinayətlərlə bağlı 297 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və İnterpol vasitəsilə axtarışa verilib. Lakin indiyədək onlardan heç biri saxlanılaraq Azərbaycana verilməyib. İkili standartların mövcudluğunu, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibini nəzərə alaraq, Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması yaxın perspektivdə real görünmür. Xocalı soyqırımından 31 il ötür. Nə qədər ki, bu soyqırımı aktının canlı şahidləri, sağ qalan zərərçəkənlər həyatdadır, milli məhkəmə prosesinin keçirilməsi zəruridir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinın 311-ci maddəsinin müddəaları əsasında Xocalı soyqırımı üzrə qiyabi mühakimənin keçirilməsi artıq zamanın tələbidir.

Beynəlxalq təcrübədə qiyabi mühakimə Nürnberq tribunalının Nizamnaməsinin 12-ci maddəsi əsasında Adolf Hitlerin şəxsi katibi Martin Bormana münasibətdə baş vermişdir. Deyilənləri nəzərə alaraq, Xocalı soyqırımı üzrə cinayət və cinayət-prosessual qanunvericilikləri əsasında milli məhkəmə prosesinin keçirilməsi və cinayətkarlara qarşı qiyabi də olsa məhkəmə hökmünün çıxarılması hüquqi baxımdan olduqca əhəmiyyətlidir.  Hələ həyatda olan soyqırımı şahidlərinin ifadələri məhkəmə protokollarında, çıxarılacaq hökmdə öz əksini tapmalıdır. Fikrimcə, bu məsələdə cinayətkarların ekstradisiyasına nail olmadığına görə qiyabi mühakimə icraatını tətbiq edən Livan Xüsusi Tribunalının və Banqladeş Beynəlxalq Cinayətlər Tribunalının təcrübəsini nəzərə almaq olar.

Zaur ƏLİYEV,

Bakı Dövlət Universitetinin

Hüquq fakültəsinin dekanı.