Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
Siyasət

Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilmiş soyqırımı aktının 30 ili tamam olur. Bu kədərli günlərdə Azərbaycan xalqı erməni şovinizminin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini dərin hüznlə bir daha yad edir.

Azərbaycanın əzəli və tarixi ərazisi olan Qarabağ bölgəsini qəsb etmək üçün Ermənistan Respublikasının Azərbaycana qarşı həyata keçirdiyi silahlı təcavüz gedişində dinc əhaliyə qarşı onlarca soyqırımı cinayəti törədilmiş, azərbaycanlı yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Miqyasına və ağırlıq dərəcəsinə görə bu cinayətlərin ən dəhşətlisi Xocalı soyqırımıdır.

Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını doğma torpağının müdafiəsinə qalxmış xalqımızın mübarizə əzmini sarsıtmaq və Azərbaycan torpaqlarının işğalını sürətləndirmək niyyəti ilə törədilmişdir. Bu soyqırımı aktının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.

Xocalıya hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Dinc əhaliyə qarşı soyqırımı cinayətinin iştirakçılarından 39 nəfərin adları Azərbaycan Respublikasının istintaq orqanlarına məlumdur, digər iştirakçıların müəyyənləşdirilməsi üçün başlanmış cinayət işinin təhqiqi hələ də davam edir.

Təkcə bizim xalqımıza qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu müdhiş cinayət əməli nəticəsində 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmaqla, ümumilikdə 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Xocalı şəhərində törədilmiş cinayətin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi qəddarlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir.

Xocalı faciəsi erməni şovinistlərinin Cənubi Qafqazda azərbaycanlılara qarşı həyata keçirdikləri qəsbkarlıq və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Son iki yüz ilə yaxın dövrdə mərhələ-mərhələ həyata keçirilən bu siyasət on minlərcə günahsız azərbaycanlının və digər xalqların nümayəndələrinin etnik və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilməsinə, Çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikasının yaradılmasına, azərbaycanlılara məxsus olan əlavə 20,2 min kvadratkilometr ərazinin də bu süni dövlət qurumuna qatılmasına, sovet dövründə Azərbaycan ərazisində ermənilər üçün qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin təşkil edilməsinə, 1948-1953-cü və 1988-1993-cü illərdə 1,5 milyon nəfərə qədər azərbaycanlının doğma yurdlarından deportasiya edilməsinə və ya qovulmasına, Azərbaycan Respublikası ərazisinin 20 faizinin 30 ilə yaxın dövrdə işğal altında saxlanmasına gətirib çıxarmışdır.

Azərbaycanlıların məruz qaldıqları bu fəlakətlərin əsas səbəblərindən biri məlum geosiyasi güc mərkəzlərinin öz məqsədləri üçün davakar erməni millətçiliyinə rəvac verməsi və ondan bir alət kimi istifadə etməsi olmuşdur. Çirkin geosiyasi oyunlarda onlar üçün ayrılan rolu uyğun görən erməni şovinistlərinin qonşu xalqların torpaqları hesabına "böyük Ermənistan" yaratmaq xülyasına düşməsi bölgədə onilliklər boyu davam edən faciələrin əsasını qoymuşdur. Son yüz əlli ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan və türk xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Cənubi Qafqazda erməni dini-ideoloji ekspansiyasına rəvac verilməsi isə Qarabağdakı alban xristian kilsəsinin erməni kilsəsinə tabe edilməsi, albanların etnik-mədəni irsinin, alban ədəbiyyatının və tarixinin Eçmiədzin erməni kilsəsi tərəfindən mənimsənilməsi, bölgənin tarixinin saxtalaşdırılması, ermənilərin tarixinin şişirdilərək qədimləşdirilməsi, qonşu xalqlara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılması ilə nəticələnmişdir. Bölgədə baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində "əzabkeş və məzlum" erməni xalqı obrazı yaradılmışdır.

Erməni şovinizminə qarşı mütəşəkkil müqavimət cəbhəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ali hakimiyyətə qayıtdıqdan sonra yaradılmışdır. "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılan etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, qovulmasında, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görən erməni şovinistlərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni şovinistlərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Xocalı faciəsinə dəqiq siyasi-hüquqi qiymət verilmiş, Xocalıda törədilmiş soyqırımı cinayəti barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün ardıcıl və məqsədyönlü tədbirlərə təkan verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir. Dövlət başçısının sərəncamı ilə bu il Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilir.

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bu məsələ ilə əlaqədar parlamentin xüsusi bəyanat və müraciətləri qəbul edilmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən Xocalı soyqırımının tanınması və pislənməsi, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işinin tezliklə başa çatdırılması xahiş edilmişdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası ilə bağlı görülən işlər ildən-ilə daha da genişlənir. Bu kampaniya çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları hakimiyyət orqanları ilə birgə səmərəli fəaliyyət göstərirlər.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya parlamentləri, Böyük Britaniyanın tərkibindəki Şotlandiya parlamenti, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.

Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi möhtəşəm Zəfər sayəsində ölkəmizin beynəlxalq miqyasda tanınmış torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyünün bərpası təmin edilmişdir. Son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmişdir. Xocalı soyqırımını, dinc əhaliyə qarşı digər cinayətləri törədənlərin cavabı döyüş meydanında verilmişdir.

Uzun sürən münaqişə başa çatdıqdan sonra Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında daimi sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlər qurulması, bu dövlətlərin ərazisində Azərbaycan və erməni xalqlarının nümayəndələrinin dinc yanaşı həyatının təmin edilməsi üçün tarixi imkan yaranmışdır. Təəssüf ki, Ermənistan Respublikasında yenə də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan qisasçı ritorikaya və hərəkətlərə yol verilir. Ermənistanın dövlət siyasətinin təməllərindən birini təşkil edən və Xocalı soyqırımının, dinc əhaliyə qarşı digər cinayətlərin törədilməsinə gətirib çıxarmış Azərbaycan xalqına qarşı nifrət və düşmənçilik ideologiyasından hələ də imtina edilməmişdir.

Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımına dünya miqyasında lazımi siyasi-hüquqi qiymət verilməsi gələcəkdə belə cinayətlərə şərait yarada biləcək etnik dözümsüzlük əhval-ruhiyyəsini aradan qaldırmağa kömək göstərə bilər. Xocalı soyqırımı unudulmamalı, faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdır.

Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa İttifaqına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, erməni şovinistləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə dünya ölkələrindən hər hansı birinin ərazisində bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər.

 Azərbaycan Respublikasının Milli Məclisi Ermənistan tərəfini Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımağa, beynəlxalq hüquq prinsiplərinə və normalarına uyğun olaraq, suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və bunlara hörmət edilməsi əsasında Azərbaycan Respublikası ilə normal qonşuluq münasibətləri qurmağa, bölgənin bütün etnik qrupların nümayəndələrinin firavanlıq şəraitində yaşadıqları sülh, sabitlik və inkişaf məkanına çevrilməsi üçün özündən asılı olan tədbirləri görməyə çağırır.