Xocalı soyqırımı qurbanlarının xatirəsi Pakistanda anılıb
Diaspora

Xocalı soyqırımı qurbanlarının xatirəsi Pakistanda anılıb

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən biri hesab olunan Müslim İnstitutu ilə birgə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Soyqırımı və etnik təmizləmə: Bəşəriyyətə qarşı cinayət" adlı seminar və fotosərgi təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Ermənistanın Xocalıda törətdiyi soyqırımı əks etdirən fotosərgiyə baxış keçirilib.

Seminarda Pakistanın milli qida təhlükəsizliyi və araşdırmalar üzrə federal naziri Seyid Faxar İmam və iqtisadi məsələlər üzrə federal naziri Ömər Əyyub Xan, habelə ali təhsil ocaqlarının rəhbərləri, səfirlər, müxtəlif təhsil müəssisələrinin tələbə-müəllim heyətləri, eləcə də kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Müslim İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli Xocalı soyqırımının ağır nəticələri haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımının 30-cu ildönümünün anıldığını qeyd edib. Xocalı soyqırımı haqqında ətraflı məlumatı iştirakçıların diqqətinə çatdıran X.Fərhadov bu soyqırımının təkcə Azərbaycana qarşı yox, insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu xüsusi vurğulayıb.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımının mahiyyətini üzə çıxardığını bildirən səfir məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Milli Məclisin bu cinayətə hüquqi və siyasi qiymət verən xüsusi sənəd qəbul etdiyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına toxunan X.Fərhadov bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib.

Səfir Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin məqsədyönlü şəkildə hədəfə alınmasının Vətən müharibəsi zamanı da davam etdiyini vurğulayıb, döyüşlərin getdiyi ərazilərdən uzaq məsafədə yerləşən Gəncə, Bərdə və Tərtər şəhərlərini raket atəşinə tutan Ermənistanın 1992-ci ildə olduğu kimi eyni terror taktikasına əl atdığını diqqətə çatdırıb.

X.Fərhadov Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Səfir Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini hər zaman dəstəklədiyinə görə Pakistan və Türkiyə hökumətləri və xalqlarına təşəkkürünü bildirib.

Daha sonra Seyid Faxar İmam və Ömər Əyyub Xan 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan tərəfindən məqsədli şəkildə insanlığa qarşı amansız cinayətlərin törədildiyini xüsusi vurğulayıblar. Nazirlər dünyanın müxtəlif bölgələrində törədilmiş bu kimi cinayətləri pisləyib və müsəlman ölkələrinin lehinə olan BMT qətnamələrinə əməl olunmadığını diqqətə çatdıraraq, beynəlxalq təşkilatlar və bəzi böyük dövlətlərin bir çox məsələlərə ikili standartlar prizmasından yanaşdığını təəssüflə qeyd ediblər. Onlar 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan qurtararaq ədaləti bərpa etdiyini xüsusi vurğulayıblar.

Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul və Kayde Azam Universitetinin rektoru Məhəmməd Əli Şah Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirərək Xocalıda Ermənistan tərəfindən törədilmiş cinayətləri qınayıblar. Onlar Pakistan və Türkiyənin hər zaman Azərbaycanla birlikdə olduğunu və 3 qardaş ölkənin daima bir-birini dəstəklədiyini qeyd ediblər.

Tədbirdə Xocalı soyqırımı ilə bağlı erməni vəhşiliyini əks etdirən slayd nümayiş etdirilib, eləcə də mövzu ilə bağlı əyani materiallar iştirakçılar arasında paylanıb.

AZƏRTAC