Xocalı soyqırımı - həqiqətlərin dünyaya çatdırılması
Digər xəbərlər

Xocalı soyqırımı - həqiqətlərin dünyaya çatdırılması

Laçın Rayon İcra Hakimiyyətində “Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılmasında rolu” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad  edilib, adları ehtiramla anılıb. Rayon icra hakimiyyəti   başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovetin bədnam 366-cı alayın hərbi texnikaları və canlı qüvvəsi ilə Xocalıda dinc azərbaycanlılara qarşı qəddarlıqla qətliam törədiblər. Qanlı hadisə zamanı erməni caniləri və onların havadarları əhaliyə qarşı qəddarlıqla, vəhşiliklə soyqırımı aktı həyata keçiriblər.

Dəyirmi masada çıxış edənlər Xocalı faciəsi ilə bağlı acı xatirələrini danışaraq bildiriblər ki, illər keçməsinə baxmayaraq ermənilərin törətdikləri soyqırımı tariximizin səhifələrinə həkk olunub, yaddaşlara əbədi yazılıb. Qeyd olunub ki, aylarla mühasirədə saxlanılan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edilib. Xocalı faciəsi təkcə xocalılılara qarşı deyil, türk dünyasına, bütün insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir. Bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatların verilməsi çox önəmlidir.

Ulu öndər Heydər Əliyev tərəfindən Xocalı soyqırımının dünya ictimaiyyətinə və dünya dövlətlərinə  tanıdılması istiqamətində çox mühüm işlər görülüb, bu faciəyə hüquqi-siyasi qiymət verilib, soyqırımla bağlı hüquqi baza yaradılıb. Ölkə başçısı İlham Əliyevin Xocalı faciəsinin əsl mahiyyəti və erməni terrorizminin acı nəticələri ilə bağlı beynəlxalq aləmdə apardığı siyasət öz bəhrəsini verir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2008-ci ildən başlayaraq “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilib. Bu kampaniya sayəsində bir  sıra dövlətlər Xocalı soyqırımını  tanıyıb.

Salman ALIOĞLU,

“Respublika”.