Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb
Digər xəbərlər

Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb

Vətən müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 2022-ci il martın 28-də Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adıçəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.

Məlumatda bildirilir ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46 nəfər, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı:

AZƏRTAC