Xocalı faciəsini unutmadıq, unutmayacağıq
Tarix

Xocalı faciəsini unutmadıq, unutmayacağıq

Xocalı faciəsi əslində bir günün, bir gecənin hadisəsi deyildi. Əsrlər boyu türk dünyasına, azərbaycanlılara qarşı kin, nifrət bəsləyən ermənilər bu qətliamı törətmək üçün illərlə hazırlaşmış, planlar qurmuşdular. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə bəşər tarixinin ən qanlı terror aktını törətməklə ermənilər xalqımıza zülm etdilər, qoca, cavan, uşaq demədən bütün Xocalı əhalisini güllə qabağına düzdülər. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq" kimi təqdim edən ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Düşünülmüş şəkildə həyata keçirilmiş Xocalının yer üzündən silinməsi, əhalisinin tamamilə məhv edilməsi niyyəti ilə törədilmiş faciənin mahiyyət etibarilə soyqırımı olduğuna bütün dünya şahid oldu.

XX əsrin sonlarında baş vermiş Xocalı faciəsi 200 il müddətində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Azərbaycana məxsus olan torpaqları öz adına çıxmaq, bununla ərazilərini genişləndirib "böyük Ermənistan" yaratmaq xəyalı quran ermənilər əlverişli strateji əhəmiyyətə malik, Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu olan Xocalını dağıtmaqla öz işğalçılıq planlarını ətraf rayonlarda da həyata keçirmək üçün maneəni aradan götürdü. Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşən Xocalıda həm də Qarabağın yeganə aeroportu fəaliyyət göstərirdi. Mənfur ermənilər ərazi iddialarını reallaşdırmaq üçün ilk növbədə Xocalıdan keçən yola nəzarət etmək və eyni zamanda hava limanını ələ keçirmək istəyirdilər. Yolların bağlanması, hava yolunun işləməməsi Xocalı əhalisinin ermənilər tərəfindən mühasirəyə alınması demək idi.

Xalqımızın qədim yaşayış məskənlərindən olan Xocalıda ulu tariximizi özündə yaşadan mədəniyyət abidələri - kromlexlər, dolmenlər, sikloplar, kurqanlar, həmçinin müxtəlif növ məişət əşyaları min illər boyu bu yerlərdə azərbaycanlıların yaşadığının, xalqımızın inkişaf dinamikasının canlı şahidi idi. Hər zaman özünə saxta tarix yaradan ermənilər isə bu əməlləri ilə həm də buradakı qədim abidələri özününküləşdirmək məqsədi güdürdülər. Ötən əsrin ən qanlı hadisəsi, dünya tarixində baş vermiş ən dəhşətli faciələrdən fərqlənməyən Xocalı ermənilərin bu mənfur ideologiyasının qurbanı oldu...

Bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə insanlıq adına sığmayan bu qanlı cinayətə hüquqi-siyasi qiymət ilk dəfə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi, soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün tədbirlər görüldü. Ulu öndər deyirdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmişdir. Ümummilli lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalamış, Milli Məclisin qərarı ilə 26 fevral Xocalı soyqırımı və milli matəm günü elan olunmuşdur. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalamışdır. Ulu öndərin müvafiq fərmanına əsasən ölkəmizdə hər il fevral ayının 26-da saat 17:00-da soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilirlər.

Xocalı faciəsini erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olmuşdur. Ölkə başçımız müasir tariximizin ən dəhşətli faciəsi haqqında demişdir: "Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma "Dağlıq Qarabağ rejimi"nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq".

Bu sahədə Heydər Əliyev Fondunun da mühüm xidmətləri var. Fondun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilir, fondun təşkilatçılığı ilə Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletler paylanılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində ermənilərin xalqımızın başına gətirdikləri müsibətləri beynəlxalq ictimaiyyətə çatdırmaq və bu qətliama siyasi qiymət verilməsinə nail olmaq məqsədilə genişmiqyaslı təbliğat-təşviqat işləri aparılır. Bunun nəticəsidir ki, artıq dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.

Xocalı soyqırımı Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının pozulmasının ən bariz nümunəsi, Azərbaycan xalqının unudulmayacaq qanlı səhifəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".