XOCALI ƏSRİN FACİƏSİNƏ ÇEVRİLDİ
Sosial həyat

XOCALI ƏSRİN FACİƏSİNƏ ÇEVRİLDİ

XX əsrin sonunda sivil dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımı indiyədək bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Tarixin yaddaşından heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrlə bir sırada duran Xocalı faciəsi Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağda azərbaycanlıların məhvinə yönəldilmiş tarixi ssenarinin yeni mərhələsi, genosid aktıdır. Mən o, dəhşətli gecəni yaşayan şəhid övladı - 1981-ci il iyun ayının 18-də analoqu olmayan faciəsi ilə tarixdə iz qoymuş Xocalıda dünyaya göz açmışam...

1992-ci ili ürəkağrısı ilə xatırlayıram. O hadisə tarixdə bənzəri olmayan bir qətliam idi. Fevralın 25-dən 26-na keçən gecə saat 11 radələri idi. Əmimgilin ailəsi də bizdə qalmışdı. Kişilərin hamısı postda idi. Evdə qadınlar, bir də uşaqlar idi. Qonşumuz qapını döydü və Xocalının hər tərəfdən mühasirəyə alındığını söylədi. Dedi ki, təcili zirzəmiyə enmək lazımdır. Şəhərdə neçə vaxt idi ki, işıqlar yanmırdı. Həmin gecə qaz xətti də kəsildi və biz yarımqaranlıqda nə geyəcəyimizi bilmədik. Lampa işığında ayağıyalın, başıaçıq zirzəmilərə üz tutduq. Zirzəmiyə yenicə çatmışdıq ki, çox güclü top gurultusu, raket səsləri eşidildi. Xocalı dörd tərəfdən atəşə tutuldu. Xocalı camaatı gecə ikən öz şəhərini tərk etmək məcburiyyətində qaldı. Amma bizim məhəllənin camaatı bundan xəbərsiz halda zirzəmidə qalmışdı. Çünki son vaxtlar hər günümüz belə idi; axşamdan zirzəmilərə dolur, səhərə kimi orada qalırdıq. Səhər isə evlərimizə dönürdük. Düşündük ki, bu gecə də həmin gecələrdəndir. Amma bu gecə fərqli bir gecə oldu. Səhərə yaxın məhəllənin kişiləri postdan qayıtdılar və dedilər ki, ermənilər Xocalını alıblar, əhalinin yarısı çıxıb, yarısını isə girov götürüblər, təcili şəhərdən çıxmalıyıq. Zirzəmidən çıxanda ermənilər bizi gördülər, arxamızca düşdülər, atəş açdılar. Axşam saat 7 olardı, döyüşün ara verməsindən və havanın qaralmasından istifadə edib beşmərtəbədən çıxıb meşəyə qaçdıq. Biz meşənin dərinliklərinə sarı yön aldıq. Bunun üçün isə yolu keçmək məcburiyyətində idik. Əsgərandan gələn erməni tanklarını görüb təpənin arxasında gizlənməyə çalışdıq. Lakin onlar təpəyə işıq salanda bizi gördülər. Tanklardan tökülüb bizim ardımızca meşəyə üz tutdular. Biz isə qaçıb Qarqar çayını keçdik. Biz çayı keçib meşəyə üz tutduq və burada bizdən öncə gedən camaatımızın işgəncə ilə öldürüldüyünü gördük. İndi də o mənzərə gözümün qabağına gələndə məni dəhşət bürüyür. Həmin gün dəstəmizdən əsir düşənlər də oldu. Hava şəraitinin pis olması vəziyyətimizi bir az da çətinləşdirirdi. Qarlı-çovğunlu bir gecədə duman bizi aldadır, yolu azıb gedib ermənilər yaşayan kəndlərə çıxırdıq. Bir tərəfdən də belə mühasirəyə düşürdük. 3 gün yol gəldik. 3 gündən sonra artıq vəziyyətimiz dözülməz həddə çatmışdı. Demək olar ki, yolun yarısına kimi xatırlayıram.

Həmin faciədə çox yaxın insanlarımızı itirmişdik. Onlardan biri də atam idi. Həmin gecə anam 3 övladını gətirirdi. Balaca bacım yaşyarımlıq idi. Anam onu belinə bağlamışdı. O tez-tez ağlayırdı və bizim dəstədə 60-a yaxın insan var idi. Bacımın ağlayıb səs salması bu insanları təhlükə qarşısında qoyurdu. Bunu görən anam insanların həyatını təhlükəyə atmaq istəmədi, o, əlini balaca bacımın ağzına aparanda insanlar: "Etmə. Qismətimiz harda tamamdırsa, orada da olacaq", - dedilər. Sonra atışma yenidən düşdü. Biz meşədə mühasirəyə alındıq. Atışma zamanı əmim qızları, ortancıl bacım bizdən ayrı düşdülər. Anam yenidən geri qayıtdı və dəstədəki adamlar dedilər ki, qayıtma, səni vuracaqlar. Anam isə dedi ki, övladımı burada qoyub hara gedim? O, geri qayıtdı. Əmim qızları, bacım atışma zamanı bir dərənin dibinə düşmüşdülər. Onları tapdılar və biz yolumuza davam etdik.

İtkilərimizin çox olmasının bir səbəbi də ermənilərin bizi azərbaycanca çağırmaları, bizim dildə - qorxmayın, sizinkilərik, buradan gəlin - demələri idi. Onlar camaatımızı beləcə aldadırdılar. Bu gecənin dəhşətini xatırlamaqdan qaçmaq olar, amma yaddan çıxarmaq mümkün deyil. Bu dəhşətləri insan təxəyyülü heç vaxt yarada bilməz. Biz xocalılılar isə onu həyatda yaşadıq. Ümumiyyətlə, Xocalı deyəndə gözlərimin önünə ilk növbədə məzlum, köməksiz, şəhid torpaq gəlir. Düşünürəm ki, Xocalının harayını, səsini eşidən olmadı. Tüstüsü, alovu göylərə yüksələndə o vaxtkı rəhbərlərimiz bu alovun tüstüsünü belə görmək istəmədilər. Hətta, bu alovun tüstüsündən xumarlandılar.

Bu ağır faciənin baş verməsində respublikanın daxilində gedən hakimiyyət davaları da əlverişli zəmin yaratmışdı. O zamankı iqtidarın savadsızlığı, ümummilli mənafelərə zidd mövqeləri Xocalı faciəsinin törədilməsində az rol oynamadı. Ancaq milli varlığımıza və istiqlaliyyət uğrunda dönməz mübarizəmizə qarşı yönəlmiş belə məqsədyönlü cinayətlər nə qədər amansız olsa da, xalqımızın əzmini qıra bilmədi, onun mətin iradəsini sarsıtmağa gücü yetmədi.

Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq aləmdə tanıdılması üçün bu gün daha əlverişli məqam yaranıb. Çünki 44 günlük Vətən müharibəsindən sonra dünya artıq Azərbaycanı tanıdı, gücünü gördü, sözünü eşitdi. Necə bir güclü, qüdrətli dövlət olduğunun şahidi oldu. 31 ildir ki, Xocalı faciəsini nə görmək, nə də eşitmək istəməyən dünya birliyi Azərbaycanın necə güclü bir dövlət olduğunu bildi. Təbii ki, bu da ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətinin, Müzəffər Ordumuzun gücünün və Azərbaycan xalqının həmrəyliyinin nəticəsidir. Düşünürəm ki, həmin ərəfələrdə bizim belə bir rəhbərimiz olsaydı, yəqin bu müsibətlər başımıza gətirilməzdi və Xocalı faciəsi baş verməzdi. Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti, yenilməz ordumuzun gücü və xalqımızın bir yumruq kimi birləşməsi sayəsində torpaqlarımız işğaldan azad olundu və bu gün həmin ərazilərdə quruculuq, abadlıq işləri aparılır. Demək olar ki, yeni bir Qarabağ salınır və inşallah, bu quruculuq işlərindən sonra artıq öz doğma torpaqlarımıza sevinə-sevinə qayıdacağıq. Onu xüsusilə qeyd etmək lazımdır ki, Xocalı faciəsinin tanıdılmasında, dünyaya çatdırılmasında görəcəyimiz işlər hələ çoxdur. Xarici ölkələrdə öz mövqelərini gücləndirən soydaşlarımız bu işdə yaxından iştirak etməlidirlər. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri Xocalı soyqırımı kimi hadisələrə yaşadıqları dövlətdə lazımi qiymət verilməsinə çalışmalıdırlar. Sonda 26 Fevral - Ümummilli Hüzn Günündə Azərbaycan xalqını öz iradə və əzmini qoruyub saxlamağa, milli dövlətçiliyimiz və müstəqilliyimiz uğrunda gələcək mübarizələrə səfərbər olmağa çağırıram. Bunu bizdən şəhidlərimizin müqəddəs ruhları tələb edir. Xocalı faciəsinin günahsız qurbanlarının, eləcə də Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının ruhları qarşısında baş əyir, xalqımıza başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Aliyə ABIŞOVA,

Xocalı sakini, şəhid övladı,

"Tərəqqi" medallı,

Qarabağ Regional Təhsil İdarəsi

Xocalı təhsil sektorunun metodisti.