XİN: Yunanıstanla siyasi səviyyədə dialoq davam etdiriləcək
Siyasət

XİN: Yunanıstanla siyasi səviyyədə dialoq davam etdiriləcək

Oktyabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanla Yunanıstan arasında münasibətlərin inkişafı naminə fəaliyyətinə görə səfirə təşəkkür edib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari il oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşün əhəmiyyəti vurğulanıb. Siyasi səviyyədə dialoqun davam etməsinin vacib olduğu bildirilib.

Səfir Nikolaos Piperiqkos enerji və tranzit sahəsində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin təməlində dayandığını qeyd edib. Səfir siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə ikitərəfli gündəlikdə duran bir sıra istiqamətlər, həmçinin regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov səfir Piperiqkosa ən xoş arzularını çatdırıb.

AZƏRTAC