XİN: Nensi Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir
Siyasət

XİN: Nensi Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir

Sentyabrın 18-də Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlama ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamları qəbuledilməzdir.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məsələ ilə bağlı açıqlamasında bildirilib.

Qeyd olunub ki, sentyabrın 12-dən 13-nə keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib. Hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.

Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N.Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bu günədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.

N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.

Bu kimi birtərəfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir.

AZƏRTAC