XİN: Ermənistanın təxribatçı addımı beynəlxalq vasitəçilərin səylərinə kölgə salır
SİYASƏT

XİN: Ermənistanın təxribatçı addımı beynəlxalq vasitəçilərin səylərinə kölgə salır

İyunun 8-də Ermənistanın Baş prokuroru Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər edərək, qondarma qurumun "nümayəndəsi" ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistanın Baş prokurorunun ərazilərimizə qanunsuz səfərini şərh edib.

"Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir.

Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir.

Bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir", - deyə XİN-in şərhində bildirilib.

AZƏRTAC