XİN: Ermənistan Təhlükəsizlik Şurasının katibinin Xankəndiyə qanunsuz səfəri Ermənistan tərəfinin növbəti təxribatıdır
Digər xəbərlər

XİN: Ermənistan Təhlükəsizlik Şurasının katibinin Xankəndiyə qanunsuz səfəri Ermənistan tərəfinin növbəti təxribatıdır

Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir.

Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığına, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir.

Bu, həmçinin rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir.

Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayırıq. Vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımlar cavablandırılacaq.

AZƏRTAC