XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə dair məlumat yayıb
Siyasət

XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə dair məlumat yayıb

İyulun 16-da Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Tərəflər götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış postmünaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.

Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.

Hər iki nazir görüşün Gürcüstanda təşkilinə görə gürcü tərəfinə minnətdarlığını bildirib.

AZƏRTAC