XİN: Azərbaycan erməni sakinlərinin humanitar ehtiyaclarını həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib
Digər xəbərlər

XİN: Azərbaycan erməni sakinlərinin humanitar ehtiyaclarını həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib

Dekabrın 20-də BMT Təhlükəsizlik Şurası (TŞ) Laçın yolunda vəziyyətlə bağlı müzakirələr aparıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın bu qurumdan Azərbaycana qarşı manipulyasiya kampaniyası məqsədilə istifadə etmək cəhdlərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Azərbaycanın haqlı narahatlıqlarını, o cümlədən Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı qəsdən, davamlı və düzəldilməyən pozuntularla əlaqədar məsələləri qaldırması, habelə bununla əlaqədar beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması üçün növbəti platforma olub.

Azərbaycan nümayəndəsi öz bəyanatında Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən "blokada" və "humanitar fəlakət"lə bağlı Ermənistan tərəfindən irəli sürülən bütün iddiaları rədd edərək, onların tamamilə yalan və əsassız olduğunu bildirib. Bəyanatda nə Azərbaycan hökumətinin, nə də etirazçıların Laçın yolunu bağlamadığı qeyd olunub.

Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yolboyu hərəkət rejimi dəyişməz olaraq qalır, həmçinin sülhməramlılar yolboyu hərəkətin tənzimlənməsi üzrə vəzifələrini yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülər təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla, müxtəlif növ nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirir.

Vəziyyətin iddia edilən humanitar nəticələri ilə bağlı fikirlər də eyni dərəcədə yalandır. Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobil karvanları heç bir maneə olmadan yoldan keçib.

Azərbaycan hökuməti dəfələrlə erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib. Bundan irəli gələrək, Azərbaycan hökuməti BQXK-nın yerli nümayəndəliyi ilə sıx əlaqədədir.

BMT TŞ-nin iclasında Azərbaycan nümayəndə heyəti ölkəmizin bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına etiraz olaraq sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazidə nümayiş keçirməsinə səbəb olan hadisələrin gedişatı barədə ətraflı məlumat verib.

Azərbaycan hökuməti dialoq yolu ilə ərazidə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının, o cümlədən ağır ekoloji nəticələrin aradan qaldırılması üçün bir sıra addımlar atıb. Dekabrın 3-də və 7-də Azərbaycanın müvafiq qurumları ilə Rusiya sülhməramlı kontingentinin komandanlığı arasında "Qızılbulaq" və "Dəmirli" yataqlarının qeyri-qanuni istismarının ekoloji nəticələrinin monitorinqi və qiymətləndirilməsi üçün azərbaycanlı mütəxəssislərin yerində baxış keçirməsi şərtlərinin müəyyən edilməsi məqsədilə görüşlər keçirilib. Görüşlərdə yerli erməni nümayəndələri də iştirak edib və azərbaycanlı mütəxəssislər tərəfindən bu cür fəaliyyətlərin yol xəritəsi ilə bağlı razılıq əldə olunub.

Əldə olunmuş razılaşmanın ardınca azərbaycanlı mütəxəssislərdən ibarət heyətin sülhməramlılar tərəfindən təşkil olunmuş səfərinə bir qrup şəxsin əvvəlcədən planlaşdırılmış addımları nəticəsində maneə törədilib. Bu, Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub. Beləliklə, bir qrup vətəndaş cəmiyyəti nümayəndələri buna etiraz edərək, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc nümayişə başlayıblar.

Təbii sərvətlərin qeyri-qanuni istismarı Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq sənədlərə əsasən yolverilməz olmaqla yanaşı, ətraf mühitlə bağlı müvafiq standartlara tamamilə məhəl qoyulmadan həyata keçirilir, bununla da ekoloji sistemə ciddi və bərpaolunmaz ziyan vurulur. Bu, həmçinin özəl xarici şirkətin Azərbaycan hökuməti ilə bağladığı müvafiq müqavilələrə əsasən, sözügedən faydalı qazıntı yataqlarını istismar etmək hüquqlarını pozur. Müqaviləyə əsasən, faydalı qazıntı yataqlarını istismar etmək hüququ yalnız bu xarici şirkətə məxsusdur.

Bu, bütün Azərbaycan cəmiyyəti üçün haqlı və əsaslı narahatlıq mənbəyidir. Ona görə də Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının müxtəlif seqmentləri, eləcə də sadə vətəndaşlar haqlı olaraq Azərbaycan xalqının milli sərvətlərinin talan edilməsinin qarşısının alınmasını, ətraf mühitə dəymiş ziyanın müvafiq mütəxəssislər tərəfindən monitorinqinin aparılmasını tələb edirlər.

Bu, Ermənistanın hərbi əməliyyatların dayandırılması və bütün silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı öhdəliklərinin davamlı olaraq yerinə yetirilməməsi ilə yanaşı, Laçın yolundan qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün sui-istifadəni, o cümlədən Azərbaycanın resurslarının qeyri-qanuni daşınmasında istifadəni əhatə edir. Üçtərəfli Bəyanata zidd olaraq, Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətlər həyata keçirərək öz qüvvələrini ərazilərimizdən tam çıxarmamaqla yanaşı, 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar da daxil olmaqla, Azərbaycan ərazisində piyada əleyhinə çox sayda mina yerləşdirməyi davam etdirir. Bu da yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də mina qurbanlarının sayının artmasına səbəb olur. Nəticədə Vətən müharibəsinin başa çatmasından bu günədək 276 vətəndaşımız mina partlayışlarının qurbanı olub, onlardan 2-si jurnalist olmaqla, 46 nəfər həyatını itirib. Həlak olan 46 nəfərdən 35-i mülki şəxsdir.

Qeyd olunmalıdır ki, BMT TŞ-ya üzv dövlətlərin demək olar bütün bəyanatlarında üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə dair çağırış olub. Ermənistanın sözügedən sənədi açıq-aşkar pozduğunu nəzərə alaraq, BMT TŞ-nin üzvlərinin bu cür çağırışları nəhayət Ermənistan tərəfindən eşidilməli və onlara əməl olunmalıdır.

Münasibətlərin normallaşdırılması məqsədilə Ermənistan ilə Azərbaycan arasında danışıqların davam etdirilməsi üçün BMT TŞ-nin üzvlərinin əksəriyyətinin çağırış etdiyini vurğulamaq da xüsusi əhəmiyyət kəsb edir. Biz bu prosesin əsası kimi, o cümlədən sərhədlərin delimitasiyası kontekstində Ermənistan və Azərbaycan tərəfindən suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı çağırışları yüksək qiymətləndiririk.

Məhz Azərbaycan münaqişənin sona çatmasından sonrakı ilk gündən etibarən davamlı olaraq Ermənistanla münasibətlərin bu əsasda normallaşmasının tərəfdarıdır. BMT TŞ-da bununla bağlı çağırışlar Azərbaycanın münaqişədən sonrakı normallaşma gündəliyinin daha geniş beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini göstərir.

Eyni zamanda, BMT TŞ-ya üzv olan bəzi dövlətlərin qərəzli, birtərəfli mövqe nümayiş etdirməkdən çəkinməməsi dərin məyusluq doğurur. Azərbaycan ərazisinin bir hissəsinə münasibətdə yanlış istinad edilməsi xüsusi narahatlıq mənbəyidir.

Müzakirələr zamanı da bildirildiyi kimi, Azərbaycan belə istinadları öz daxili işlərinə qarışma, habelə coğrafi adların istifadəsi ilə bağlı BMT-nin müvafiq tələblərinin pozulması kimi rədd edir. Azərbaycan bir daha həmin dövlətləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı bəyanatlardan çəkinməyə çağırır.

BMT TŞ-nin iclasında qeyd edildiyi kimi, Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Azərbaycanın bununla bağlı mövqeyi aydın, prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanır.

Biz Azərbaycanın təklifinə cavab verməyə, siyasi və hərbi təxribatlarını dayandırmağa, təcavüzkar ritorikasından və hərəkətlərindən əl çəkməyə, Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlər çərçivəsinə daxil olan bütün məsələlərin sülh yolu ilə diplomatik həllini tapması üçün birbaşa danışıqlara xoş niyyətlə yanaşmağa Ermənistanı inandırmaq məqsədilə beynəlxalq ictimaiyyətə bir daha çağırış edirik.